SON XƏBƏRLƏR

Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib, tərəflər arasında sənəd imzalanıb

2021.10.20, 07:36
Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib, tərəflər arasında sənəd imzalanıb

Gunaz.tv

GünAz TV: Koreya Xalq Demokratik Respublikası və Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib, görüşün yekunlarına dair sənəd imzalanıb.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Tramp və Kim Çen In arasında imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb.

 

Tramp da bunun qarşılığında KXDR-in təhlükəsizliyinin təminatına dair söz verib.

 

Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbiçilərin qalıqlarının axtarılması barədə  razılığa gəliblər.

 

Sammit çərçivəsində imzalanmış yekun sənəddə o da qeyd edilib ki, ABŞ və KXDR sülh və yeni əməkdaşlığa hazırdır.

 

ABŞ prezidenti Donald Tramp Sinqapurda Şimali Koreya lideri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, “Biz bu gün hərtərəfli əməkdaşlığa dair saziş imzaladıq və düşünürəm ki, Kim Şimali Koreyaya çatanda prosesə tezliklə başlayacaq”.

 

D.Tramp bildirib ki, Kim Çen Inın ölkəsi üçün yaxşı gələcək yaratmaq şansı var: “Hamı müharibə edə bilər, amma ən cəsarətli şəxslər sülh yarada bilər. Biz yeni tarix üçün hazırlıq gördük. Biz yeni səhifələr yazmağa hazırıq. Keçmiş gələcəyi müəyyən etməməlidir. Bu, dünyanın tarixində ən mühüm anlardan biridir”.

 

D. Tramp qeyd edib ki, Kim Çen In bu cür danışıqları başlatmaq üçün ondan əvvəlki ABŞ prezidentlərinə etimad göstərmədiyini söyləyib. O, görüş və anlaşmanın Şimali Koreya qədər ABŞ üçün də önəmli olduğunu vurğulayıb.

 

Bununla belə, D. Tramp Şimali Koreyaya qarşı sanksiyaların davam edəcəyini deyib. Onun sözlərinə görə, nüvəsizləşmə uzun prosesdir: "Şimali Koreyaya qarşı tətbiq edilmiş sanksiyalar nüvə təhlükəsinin aradan qalxdığına əmin olduğumuz zaman ləğv ediləcək. Mən sanksiyaları ləğv edəcəyim anı səbirsizliklə gözləyirəm”.

 

D. Tramp Şimali Koreyalı həmkarına həqiqətən də güvəndiyini vurğulayıb: “Bəli, Kimlə görüşmək böyük məsuliyyət idi. Amma bu, hər birimiz üçün yaxşı oldu. Mən Kimə inanıram. Düşünürəm ki, o bu razılaşdıqlarımızın gerçəkləşməsini istəyir”.

 

O, 70 ildən artıqdır, davam edən Koreya müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini deyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar