SON XƏBƏRLƏR

Tramp və Pompeo amerikalı demokrat senatorun Zəriflə görüşünə kəskin münasibət bildiriblər

2021.10.20, 07:36
Tramp və Pompeo amerikalı demokrat senatorun Zəriflə görüşünə kəskin münasibət bildiriblər

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo demokrat senator Kris Mörfinin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşünə münasibət bildiriblər.

 

Tramp jurnalistlərə verdiyi açıqlamada məsələdən yeni xəbər tutduğunu və hələ ki, görüşün detallarından məlumatsız olduğunu deyib. O, eyni zamanda bunun "Amerika vətəndaşlarının xarici ixtilaflara müdaxiləsi qanunu"nun pozulması kimi dəyərləndirilə biləcəyini qeyd edib.

 

18-ci əsrdə qəbul edilmiş sözügedən qanun Amerika vətəndaşlarının bu ölkənin normal münasibətləri olmayan dövlətlərlə əlaqələri barədədir. Buna görə də, senatorun Zəriflə görüşünün dövlətin icazəsi olmadan və iki ölkə arasında mövcud olan soyuq münasibətlərə müdaxilə məqsədilə keçirildiyi isbata yetirilərsə, bu addım cinayət sayılacaq. Çünki ABŞ Konstitusiyasına əsasən, xarici siyasəti yürütmək yalnız prezident və onun hökumət kabinetinin səlahiyyətləri daxilindədir.

 

Pompeo isə görüşü mənfi və ziyanlı adlandırıb, eləcə də qeyd edib ki, Zərif terror himayəçisi və yəhudi düşməni olan rejimin XİN rəhbəridir.

 

"Ümid edirəm senator Mörfi bu görüşdə Amerika hökumətinin mövqeyindən çıxış edib, şəxsi mövqeyindən deyil", - deyə Pompeo fikrini tamamlayıb.

 

Senator Kris Mörfi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Zəriflə görüşmək üçün onun qaldığı otelə getdiyini təsdiqləyib. O, bu görüş zamanı Zəriflə İraq yaraqlılarının son addımlarının dayandırılması, Amerika və Amerika-İran vətəndaşlıqları olan və İranda məhkumluq həyatı yaşayan şəxslərin azadlığa buraxılmasını müzakirə etməklə yanaşı, ondan husiləri Yəməndə humanitar yardımların paylanmasına maneə olmağı dayandırmağa məcbur etməsini istəyib.

 

Husilər beynəlxalq ictimaiyyətin Yəmən xalqına humanitar yardım paylamasının qarşısını alır. Yaraqlılar bildirirlər ki, bu iş onlarla koordinasiyalı şəkildə həyata keçirilməlidir. Görünür, husilər yardımların özlərinə verilməsini və paylama işini də özlərinin təşkil etməsini istəyirlər.

 

Qeyd etmək lazımdır ki, Amerikada respublikaçı və demokrat siyasətçilər arasında İran ətrafında fikir ayrılığı var. Demokratlar rəsmi Vaşinqtonun Tehran qarşısında yumşaq siyasət yürütməsini istəyirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar