SON XƏBƏRLƏR

“Traxtur” komandası neytral stadionda görüş keçirməyə məhkum edildi

2021.10.20, 07:36
“Traxtur” komandası neytral stadionda görüş keçirməyə məhkum edildi

Gunaz.tv

GünAz TV: İran Futbol Federasiyasının İnzibati Komitəsi növbəti dəfə Güney Azərbaycanın “Traxtur” futbol klubuna qarşı qərəzli qərar çıxarıb.

 

İnzibati Komitə super liqa oyunlarında qanun pozuntusuna yol verən klublar haqda qərar çıxarıb, qərara əsasən bir neçə klub müxtəlif cəzalarla üzləşib.

 

Məlumata görə, “Traxtur” tərəfdarları “Saypa” ilə görüş zamanı baş məşqçi Əli Dayi, oyunçu Kərim Baqiri və komandanın digər üzvlərinə qarşı təhqiramiz hərəkətlərə yol verməkdə günahlandırılır. Klub bu səbəbdən görüşlərindən birini digər şəhərdə, neytral stadionda keçirməlidir. Şəhər, Görüşləri Təşkil edən Komitə tərəfindən təyin olunacaq.

 

İnzibati Komitənin çıxardığı qərar qəti deyil, ona etiraz etmək mümkündür.

 

Oxşar səbəblərə görə Xuzistanın “İstiqlal”, Tehranın “Perspolis” və Rəştin “Sepidrud” klubları da müxtəlif məbləğlərdə cərimə ödəməyə məhkum edilib. Məşhədin “Pədidə” komandasının baş məşqçisi Rza Mühaciri isə Tehranın “İstiqlal” komandası ilə görüşdə hakimə etiraz etdiyi üçün yazılı xəbərdarlıq və 50 milyon rial nağd cərimə ilə üzləşib.

 

Bu arada “Traxtur” və “İstiqlal” klubları Səudiyyə Ərəbistanının komandalarını Qətərin paytaxtı Doha şəhərində qəbul etməyə qərar veriblər.

 

Bu barədə Qətərin “Əlrayə” qəzeti məlumat yayıb.

 

Bundan öncə “İstiqlal” klubu Səudiyyə Ərəbistanının “Əlhilal” komandası ilə Dohada qarşılaşmaq istədiyini açıqlamışdır. “Traxtur” isə “Ələhli” komandasını Oman, İraq, Livan (Lübnan) və Qətər ölkələrində qarşılaya biləcəyini bildirmişdir. Görüşlərin neytral ölkədə keçirilməsi İranla Səudiyyə Ərəbistanının arasında olan siyasi və diplomatik gərginliklə bağlıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar