SON XƏBƏRLƏR

“Traxtur”-“Perspolis” oyunu haqda ŞOK qərar çıxarıldı, “Traxtur” klubu etiraz etdi

2021.10.20, 07:36
“Traxtur”-“Perspolis” oyunu haqda ŞOK qərar çıxarıldı, “Traxtur” klubu etiraz etdi

Gunaz.tv

GünAz TV: Yenə də gözlənilən oldu. İran Futbol Federasiyasının İnzibati Komitəsi ötən günlərdə Tehranın Azadi satadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” futbol komandaları arasında keçirlən görüş zamanı baş verən hadisələrlə bağlı qərar çıxarıb, qərarda inanılmaz şəkildə qərəzli mövqe sərgilənib.

 

Tehran komandasının 60 min fars tərəfdarı öncədən planlaşdırılmış bir şəkildə Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirdiyi halda, “Perspolis” yalnız bir oyun tamaşaçısız oynamağa və 150 milyon rial cərimə ödəməyə məhkum edilib. Açıq-aşkar təhqirə məruz qalan “Traxtur” klubu da İnzibati Komitənin cəzasından kənarda qalmayıb. Qərara əsasən Təbriz klubu 150 milyon rial cərimə ödəməlidir.

 

İnzibati Komitənin qərarı açıqlandıqdan dərhal sonra “Traxtur” klubu bəyanat yayaraq verilən ədalətsiz qərara öz etirazını bildirib.

 

“Bu, çox insafdan kənar və təəccüb doğuran bir hökmdür. “Traxtur” klubu olaraq hökmə yenidən baxılmasını rəsmən tələb edirik. Cümə günü keçirilən görüşdə meydan sahibinin tərəfdarları əvvəldən planlaşdırılmış şəkildə ünvanımıza ağır söyüşlər səsləndirdilər. Lakin çıxarılan hökmdə belə bir təhqirə yol verən kluba qarşı mehribanlıq, möhtərəm Azərbaycan əhalisinə münasibətdə isə ədalətsizlik müşahidə olunur. Əgər konkret olaraq bir hadisə baş veribsə, onun təsirkarı da məlumdursa, o zaman nə üçün təqsirkar cəzalandırılmır. Milyonlarla insanın təhqir olunmasına səbəb olan bir kluba qarşı belə bir mehribanlığın nə mənası var?! Beynəlxalq Futbol qanunlarında irqçilik və qövmlərin təhqir olunması ilə bağlı ən ağır cəza nəzərdə tutulur. Ona görə də Futbol Federasiyası və İnzibati Komitənin məsullarından xahiş olunur ki, qanun pozuntusuna yol verən kluba qarşı ciddi tədbir alınsın və sözügedən hadisəyə səbəb olan şəxslərə verilən cəza rəsmən elan olunsun. Əks halda, “Traxtur” klubu qanun çərçivəsində ölkədaxili və beynəlxalq səviyyədə səlahiyyətli orqanlara müraciət edəcək”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Bu etirazdan sonra Futbol Federasiyasının baş katibi Məhəmmədrza Sakit İnzibati Komitənin çıxardığı qərara münasibət bildirib. ““Traxtur”-“Perspolis” dosyesi hələ qapanmayıb. Bu hadisənin digər yönləri var, ona Əxlaq Komitəsində baxılacaq”- deyə federasiya rəsmisi bildib.

 

Baş verən hadisəyə bundan öncə də “Traxtur” klubu və yerli azərbaycanlı məsullar tərəfindən etiraz bildirilmişdir. Bu barədə aşağıdakı xəbərləri oxuya bilərsiniz:

Azərbaycanlı millət vəkillərindən Tehranın Azadi stadionunda türklərin təhqir edilməsinə reaksiya – VİDEO

Azadi stadionunda səsləndirilən təhqiramiz şüarlarla bağlı “Perspolis” klubuna etirazlar davam edir

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar