SON XƏBƏRLƏR

Türk bölgələrinin millət vəkilləri azərbaycanlıları farsdilli adlandıran Əli Yunisi ilə bağlı prezidentə müraciət ediblər – Siyahı

2021.10.20, 07:36
Türk bölgələrinin millət vəkilləri azərbaycanlıları farsdilli adlandıran Əli Yunisi ilə bağlı prezidentə müraciət ediblər –  Siyahı

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhaninin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisi aprelin 21-də antiazərbaycan mövqeyi ilə seçilən “Qanun” qəzetinə verdiyi müsahibədə Azərbaycan türklərinin mövcudluğunu inkar edərək onları farsdilli və kürdlərin əkiz qardaşı adlandırıb.

 

Bu məsələ bütün azərbaycanlılar, o cümlədən bir sıra türk millət vəkillərinin etirazına səbəb olub. Məsələ ilə bağlı türk bölgələrinin 46 millət vəkili İran prezidentinə məktub ünvanlayaraq köməkçisinin səsləndirdiyi əsassız və bayağı sözlərinə reaksiya verməsini tələb ediblər.

 

Məktub Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahaduri tərəfindən yazılıb.

 

“İran müxtəlif qövmlərim torpağıdır, ona görə də bütün qövmlər bərabərhüquqlu olmalıdır. Qurana görə bütün fərqliliklər əhalinin bir-birini tanıması üçündür və heç bir qövm üstün sayıla bilməz. Bir qövmün ən önəmli varlığı isə onun dilidir, dilinin təhqir edilməsi elə qövmün bütün kimliyinin aşağılanması deməkdir.

Təəssüflər olsun ki, cənabınızın qövmlərin işi üzrə köməkçisi cənab Əli Yunisi “Qanun” qəzetinə verdiyi müsahibədə böyük türk qövmünü ən pis şəkildə aşağılayıb, bəşər tarixi qədər (bitişkən dillər) keçmişi olan bir dili 300 illik dil kimi təqdim edib. Məsulların da təsdiq etdiyi kimi, İran əhalisinin 40 faizi Azərbaycan, türkmən, qaşqay, xəzər, xorasan və s. kimi ləhcələrdən ibarət olan türk dilində danışır”- deyə məktubda qeyd olunub.

 

Millət vəkilləri Həsən Ruhanidən Rzaxan dövrünün sözlərini xatırladan bayağı və əsassız açıqlamaya ən qısa zamanda reaksiya verməsini tələb ediblər.

 

 

Aşağıda məktubu imzalayan 46 millət vəkilinin adının qeyd olunduğu siyahı təqdim olunub. Bazar günü yazılan məktuba 31 azərbaycanlı millət vəkili ilə yanaşı digər türk bölgələrinin 15 millət vəkili də imza atıb. Güney Azərbaycan şəhərlərini sözdə təmsil edən 42 millət vəkili isə məktuba imza atmaqdan imtina edib. Hazırda məktubu imzalamayan azərbaycanlı millət vəkillərinin sosial şəbəkələrdəki səhifələri azərbaycanlı internet istifadəçilərinin etiraz məkanına çevrilib. Onlar millət vəkillərini Azərbaycanın mədəniyyət və kimliyinə xəyanət etməkdə günahlandırır.

 

Etirazçıların əsas tələbi “Qanun” qəzetinin bağlanması və Əli Yunisinin işdən çıxarılmasıdır. Onlar həmçinin məktubu imzalamaqdan imtina edən millət vəkillərindən izahat verməyi tələb ediblər.

 

Əli Yunisi ötən şənbə günü “Qanun” qəzetinə verdiyi müsahibədə Azərbaycan türklərinin milli kimliyini inkar etmişdir.

 

O “Qövmçülük və fitnənin qarşısı alınmalıdır” başlığı ilə yayılan müsahibədə olduqca əsassız fikirlər səsləndirib: “Türk ilə azəri arasında fərq qoyulmalıdır. Azərilər farslarla dildaş və soydaşdır. Onlar hətta bir çox bölgənin əhalisindən daha çox farsdır.

Azərilər kürdlərin əkiz qardaşıdır. Bu ikisi də madd (midiya) qövmüdür, onlar Əhəmənilərdən əvvəl bu torpaqları alıblar. Onların arasında qarşıdurma olub, lakin eyni ailədən olublar.

Azərbaycanda təxminən 300-400 ildir ki, türk dilində danışılır. Keçmişdə onların hamısı talışlar kimi söhbət ediblər.”

 

Əli Yunisi əsassız sözlərini sübut etmək üçün bildirib ki, hazırda Azərbaycanda insanların və coğrafi məkanların 50 faizinin adı farscadır.

 

Burada qeyd etmək lazımdır ki, Pəhləvi və islam cümhuriyyəti dövründə asimilasyon siyasəti nəticəsində Azərbaycanda minlərlə coğrafi ad dəyişdirilib, buna baxmayaraq hələ də adların əksəriyyəti türk dilindədir.

 

Prezidentin köməkçisi Azərbaycanın qərb bölgəsində aparılan kürdləşdirmə siyasətini də inkar etməyə çalışıb. “Bəziləri deyir ki, İranda əhli sünnətin sayı artır, kürdlər isə Azərbaycanı bürüyr. Lakin belə deyir, bu yanlış təsəvvürdür, hətta Kürdistanda əhalinin sayı azalır.”- deyə o sözlərinin davamında deyib.

 

Sözügedən “Qanun” qəzeti vaxtaşırı Azərbaycan türk millətinə qarşı əsassız məlumatlar yayır. Ötən günlərdə Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri parlamentdə ana dilinin tədris ilə bağlı imza toplandığını açıqladıqdan sonra “Qanun” qəzeti aprelin 18-də ana dilinə qarşı məqalə dərc etmişdir.

Bu barədə qəzetdə “Qövmlərin uçurumu təlimi” başlığı ilə yayılan məqalədə İranda ana dilinin tədris olunması ölkə təhlükəsizliyinin əleyhinə olan amil kimi xarakterizə edilib, onun konstitusiyanın 15-ci maddəsinə uyğun gəlmədiyi də qeyd olunub.

Sözügedən məqalədə həmçinin qeyd olunub ki, millət vəkilləri bölgələrdən səs ala bilsinlər deyə belə bir təşəbbüslə çıxış edirlər.

 

“Qanun” qəzeti ana dilinin tədrisi ilə bağlı təşəbbüsünə görə Ərdəbilin millət vəkili südeyif Bədrini qanunu bilməyən millət vəkillərindən biri kimi təqdim edib.

Məqalədə qeyd olunub ki, “ana dilinin tədrisini pantürkistlər istəyir. Onlar ana dilində təhsil hüququndan bəhrələnərək siyasi divident əldə etməyə çalışır.”

 

“Qanun” qəzeti hətta Zəncan Əyaləti Təhsil Şöbəsinin əməkdaşlığı ilə Məhəmmədrza Kəriminin tədris üçün qələmə aldığı “Ana dili” kitabınada dözümsüzlük nümayiş etdirib. Tanınmış araşdırmaçı yazıçını Təhsil Şöbəsinin xoşgörüsünü saxtalaşdırmaqda ittiham edən qəzet bu kitabın Təhsil Şöbəsi ilə əlaqəsi olmadığını, onun pantürkistlər tərəfindən yazıldığını bildirib.

 

“Qanun”qəzeti bundan əvvəl də Azərbaycan və türk milətinə qarşı oxşar mövqe sərgiləyib. Qəzet ötən il yaydığı bir yazıda qeyri-fars dillərin sıradan çıxarılmasını İranın ümumi və milli siyasətinin gərəyi kimi dəyərləndirmişdir. Qəzet İranda türk dilinin məhv olunmasını təqdir edərək bildirmişdir ki, “Urmiyə və ya digər şəhərdə bir uşağın farsdilli olmasından qorxmayın. Tam əksinə, bu diyarın uşaqları farsca danışarsa, bu o demeəkdir ki, milli siyasət öz bəhrəsini verib.”

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar