SON XƏBƏRLƏR

Türkiyə-Yunanıstan münasibətlərində vacib addım: 49 il sonra baş tutan səfər

2021.10.20, 07:36
Türkiyə-Yunanıstan münasibətlərində vacib addım: 49 il sonra baş tutan səfər

Gunaz.tv
Yunanıstanın baş naziri Kostas Karamanlisin 23-25 yanvar 2008-ci il tarixlərdə baş tutan səfəri ilə, 49 illik fasilədən sonra ilk dəfə bir Yunan hökümət başçısı Türkiyəyə rəsmi səfərə getmiş oldu. Xatırladaq ki, Yunanıstandan Türkiyəyə baş nazir kimi son rəsmi səfər indiki baş nazirin əmisi Konstansin Karamanlis tərəfindən 1959-cu ildə həyata keçirilmişdi. Konstantin Karamanlis Türkiyənin o dövrdəki baş naziri Adnan Menderesin dəvəti ilə 8-11 may 1959-cu il tarixləri arasında Türkiyədə səfərdə olmuşdu. 1930-cu ildəki Atatürk-Venizelos görüşündən 29 il sonra baş tutan Menderes-Karamanlis görüşündə də, qonşu iki dövlətin yaxşı əlaqələrə sahib olmasının hər iki xalq üçün də çox faydalı olacağı vurğulanmışdı. Dövrün Yunan və Türk mətbuatları səfəri yüksək qiymətləndirmiş və iki dövlət arasında münasibətləri yaxşı günlərin gözlədiyini yazmışdı. Ancaq, `soyuq müharibə` nin eyni cəbhəsində-NATO qanadında yer almalarına baxmayaraq sonrakı dövrdə bu iki dövlətin münasibətləri düzəlməmiş, əksinə daha da kəskinləşmişdi. Karamanlis tərəfindən Yunanıstana dəvət olunan Menderes, bu səfərə qısa bir müddət qala hərbi çevriliş nəticəsində əvvəlcə hakimiyyətdən getmiş, bundan bir qədər sonra isə asılaraq edam edilmişdir. Bir neçə il sonra isə Konstantin də hərbi çevriliş nəticəsində əvvəlcə hakimiyyətdən uzaqlaşdırılmışdır. Daha sonra Kipr adasında Türklərə qarşı həyata keçirilən qətliamlar və Türk ordusunun adaya müdaxilə etməsi nəticəsində ikitərəfli münasibətlər kəskin şəkildə pisləşmişdi. İllər keçdikcə və regionun və dünyanın şərtləri dəyişdikcə problemlərə yeniləri əlavə olunmuşdur. 1970-ci, 1980-ci və 1990-cı illərdə müxtəlif kiçik (Kardak qayalıqları kimi) və ya böyük hadisələrə (Kipr problemi kimi) görə Türkiyə və Yunanıstan dəfələrlə müharibənin astanasına gəldilər. 1988-ci ildə Türkiyənin baş naziri Turqut Özalın Afinaya səfəri də problemləri azaltmadı. 1990-cı illərdə Türkiyənin Yunanıstanın PKK terror təşkilatına dəstək verdiyinə dair iddiaları, hər iki ölkədə baş verən meşə yanğınlarının çox vaxt digərinin xüsusi xidmət orqanları tərəfindən törədildiyinə dair iddialar, PKK terrorçularının lideri Abdullah Öcalanın həbs olunmamışdan əvvəlki son dövrlərdə Yunanıstanda və onun xarici ölkələrdəki səfərliklərində gizlənməsi, Egey dənizində bu iki ölkənin dəniz və hava sərhədləri ilə əlaqədar mübahisələrdən qaynaqlanan yüngül münaqişələr, Türkiyənin Avropa Birliyinə (AB) üzvlük prosesində tez-tez Yunan maneəsi ilə üzləşməsi və digər məsələlər ikitərəfli münasibətlərin daha çox problemləri mahiyyətə sahib olduğunu göstərmişdir. İkitərəfli münasibətlərdə dəyişikliklərin bünövrəsi isə təxminən 9 il əvvəl qoyulmuşdur. Əvvəlcə Abdullah Öcalanın həbs olunması və PKK terrorçularının fəaliyyətinin zəiflədilməsi ikitərəfli münasibətlərdə problem təşkil edən mövzulardan birini ortadan qaldırdı. Bundan qısa bir müddət sonra, 1999-cu ilin avqustunda Türkiyədə dəhşətli zəlzələ baş vermişdir. Zəlzələnin nəticələrinin ortadan qaldırılması prosesində Yunanıstanın sürətlə Türkiyənin köməyinə gəlməsi ikitərəfli münasəbətlərdə yeni mərhələnin başlanğıcı olmuşdur. İki ölkənin xarici işlər nazirləri İsmail Cem və Yorqo Papandreu münasibətlərin yaxşılaşması üçün xüsusi təşəbbüs göstərdilər. Dövrün Türk və Yunan mətbuatı da münasibətlərdəki bu yaxşılaşmaya əsasən dəstək vermişdir. Sonrakı illərdə Türk rəsmilərin Yunanıstan səfərləri baş tutsa da, bunun qarşılığı olmamışdı. Qeyd edək ki, indiki baş nazir Karamanlis hələ 2004-cü il fevralın 14-də lideri olduğu Yeni Demokratiya Partiyasının Türklərin yaşadığı Selanikdəki bölgə toplanısında Türkiyə ilə münasibətlərin yaxşılaşmasına tərəfdar olduqlarını və hakimiyyətə gəldikləri təqdirdə `Yunanıstan-Türkiyə Əməkdaşlıq Şurasını` quracaqlarını açıqlamışdı. Onun ABŞ-dakı Tuffs universitetindəki doktorluq işinin mövzusu da Atatürk və Venizelos dövründəki Türk-Yunan münasibətləri olmuşdu. Karamanlis ilə Ərdoğan AB və digər beynəlxalq qurumların toplantılarında görüşlər keçirmişdilər. Iki lider 2007-ci il iyunun 26-də, İstanbuldakı Çırağan Sarayında, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci ildönümü münasibətiylə keçirilən zirvə toplantısında da xarici işlər nazirlərinin iştirakı ilə xüsusi görüş keçirmişdilər. Hətta Karamanlis Ərdoğanın qızının toyunda nigah şahidi kimi iştirak da etmişdi. Son illərdə Azərbaycan və ümumiyyətlə Xəzər hövzəsi təbii ehtiyatlarının (xüsusilə təbii qazın) Türkiyə-Yunanıstan xəttiylə Avropaya daşınması istiqamətindəki addımlar, Türkiyə-Yunanıstan münasibətlərinə yeni çalarlar gətirmişdi. Ancaq Yunan baş nazirin Türkiyə səfəri ancaq son günlərdə həyata keçirilə bilmişdir. Yunanıstanın baş naziri Kostas Karamanlisin yanvarın 13-də başlayan Türkiyə səfərinin proqramında Türkiyə parlamentinə gedilməsinin nəzərdə tutulmaması Türk tərəfində, Atatürkün məzarının olduğu xatirə kompleksinə (Anıtqəbirə) getməsi isə öz ölkəsində xoş qarşılanmadı. Yunanıstan ictimai rəyində həm Türkiyə Böyük Millət Məclisinə (TBMM), həm də Atatürkə qarşı xüsusi mənfi hisslər hakimdir. Türkiyə parlamentinin səfər proqramında olmamasının əsas səbəi isə bu mənfi hisslə yanaşı, TBMM-nin, Yunanıstanın dənəz sərhəddini 12 milə çıxaracağı halda bunu müharibə səbəbi sayacağı barədəki qərarı olmuşdur. Səfər çərçivəsində iki baş nazir arasında təkbətək, daha sonra isə iki ölkənin nümayəndə heyətləri arasında görüşlər keçirildi. Görüşlərdə əsasən Egey dənizində sərhəd mübahisələri, Kipr problemi, Yunan kilsəsinin statusu (Patrikhane), Yunan dini məktəbi (`Ruhban okulu`), enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və digər məsələlər müzakirə edildi. Görüşdən sonrakı mətbuat konfransında Karamanlis, Yunan kilsəsinin Türkiyədə olmasının vacibliyini vurğulayaraq, `bu Türkiyə üçün AB pasportudur`, dedi. Ərdoğan isə bu vacib mövzunun Xristianların daxili problemi olduğunu bəyan etmişdir. Karamanlisin bu bəyanatı əslində `AB-Xristian klubudur`, deyənlərin fikrinin təsdiqi kimi də baxıla bilər: `ora Türk vəya Müsəlman pasportu ilə girə bilməzsiniz, amma Xristian pasportunuz da var, ona sahib çıxın`. Karamanlisin xüsusi vurğuladığı başqa bir məqam olan Türkiyədəki Yunan sərmayəsindkə ciddi artış isə Türkiyədə milli təhlükəsizlik problemi kimi mübahisə mövzusu olmaqda davam edir. Karamanlis mətbuat konfransında, Yunanıstan-ın Türkiyənin AB-yə üzvlüyüynü tam dəstəklədiyini açıqlamışdır. Ancaq tarixi təcrübə bizə bu fikrin səmimiyyətdən uzaq ola biləcəyini deyir. Yaxşı məlumdur ki, əsas Avropa dövlətlərində hakimiyyətlər Türkiyənin AB üzvlüyünə tərəfdar olanda Yunanıstan və AB-də Kipr Respublikası kimi təmsil olunan Cənubi Kipr (adanın Yunan tərəfi) Türkiyənin AB üzvlüyünə sərt şəkildə etraz edirlər. Ancaq elə ki, əsas Avropa dövlətlərinin özləri Türkiyənin AB üzvlüyünə etiraz edir, (indiki halda Fransa və Almaniyanın etiraz etməsi kimi) onda Yunanıstan Türkiyənin AB üzvlüyünü dəstəkləyir. Bu isə elə də səmimi münasibət kimi görünmür. Karamanlis, Ərdoğandan Cənubi Kipr ilə münasibətlərin yaxşılaşdırılmasını, Yunan kilsəsinə və Yunan dini məktəbinə dair istəklərinin qəbul edilməsini istədiyini açıqlamışdır. Karamanlis, çıxışının sonunda Yunanıstandan baş nazir səviyyəsində növbəti səfər üçün yenidən 49 il gözləməyə ehtiyac qalmayacağını demişdir. Karamanlisin çıxışından sonra Ərdoğan Yunanca “efharitopara poli” (təşəkkür edirəm) deyərək ona jest etmişdir. Xatırladaq ki, 49 il əvvəl Menderes Konstantin Karamanlisin Türk radiosunda canlı yayınlanan cıxışından sonra eyni jesti etmışdi. Yanvarın 24-də Karamanlis Türkiyənin prezidenti Abdullah Gül tərəfindən də qəbul edildi. İki tərəfdən nazirlərin də iştirak etdiyi görüşün sadəcə ilk bir neçə dəqiqəlik salamlaşma hissəsində mətbuatın iştirakına icazə verildi. Görüşün geri qalan hissəsi isə mətbuatın iştirakı olmadan keçirildi və açıqlama verilmədi. Eyni gün müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal da Karamanlis ilə görüşdü. Qapalı keçən 45 dəqiqəlik hissədən sonra mətbuata açıqlama verən liderlər, Atatürk-Venizelos münasibətlərinin iki tərəf üçün nümunə ola biləcəyini vurğuladılar və Baykal Karamanlisə xatirə kimi Atatürk ilə Venizelosun yan yana durduğu tablonu hədiyyə verdi. İki baş nazir və nümayəndə heyətlərinin iştirakı ilə yanvarın 25-də İstanbulda Türk-Yunan İş Forumu keçirildi. Forumda Yunanıstandan 150, Türkiyədən isə 100 ən böyük şirkətin rəhbərləri və nümayəndələri iştirak etdi. Yunanıstan xarici işlər nazirinin müavini Petros Doukas Yunan işadamlarının Türkiyədəki sərmayəsinin rekord səviyyəyə gəldiyini deyərək sevincini, Türk-Yunan İş Şurasının Sədri Selim Egeli isə Yunanıstandakı Türk sərmayəsinin azlığından danışaraq şikayətini ortaya qoydu. Baş nazir Ərdoğan, 2006-cı ildə 2 milyard dollara çatan ikitərəfli ticarət həcmini 4 milyard dollara çatdırmaq hədəfi üçün çalışacaqlarını açıqladı. Eyni gün Karamanlis və onun xanımı Nataşa Karamanlis İstanbuldakı Yunan kilsəsinə və Heybəliadadakı Yunan dini məktəbinə getdilər. Yunan kilsəsindki görüşdə Baş Rahib Bartholomeos, Karamanlisə İstanbulun tarixi görüntüsünün əks olunduğu xalı və dini motivlərin əks olunduğu foto hədiyyə etdi. Həm səfər ərəfəsində, həm də səfərdən sonra Türk mətbuatı səfərə daha çox müsbət tərəfindən, Yunan mətbuatı isı daha çox şübhələrlə yanaşdı. ABŞ səfəri alqışladığını açıqladı. Səfər 49 illik fasilədən sonra baş tutduğu üçün şübhəsiz ki tarixi əhəmiyyətə malik idi. Ancaq birbaşa həlledici nəticələrə yol açma ehtimalı çox zəfdir. Əvvəla tarixi şüur buna imkan vermir. Tarix boyunca Anadolu və İstanbul üçün müharibələr, Yunanların Osmanlı hakimiyyəti altında yaşamaları, 19-cu əsrdəki Yunan üsyanları və Yunanıstanın müstəqilliyə qovuşması, 20-ci əsrin əvvəllərindəki müharibələr, xüsusilə `Türk İstiqlal Müharibəsi` illərində Yunanlarla ağır vuruşmalar, bu iki dövlətin 20-ci əsrdə dəfələrlə qarşı-qarşıya gəlmələri, son illərə qədər hər iki ölkədə ictimai rəydə qarşı tərəfin `ən ciddi düşmən` kimi canlanması, problemlərin qısa müddətdə həllinə imkan vermir. Təsadüfi deyil ki, təxminən 20 ildir göstərilən səylərə baxmayaraq hələ də, hər iki ölkədə hərbçilərin demək olar ki hamısı, ictimaiyyətin çox böyük hissəsi, siyasətçilərin böyük əksəriyyəti, ziyalıların çoxu və mətbuatın təxminənən yarısı (Türkiyədə bu nisbət artıq 50%-dən az olsa da, Yunanıstanda hələ də 2/3-ə yaxındır) qarşı tərəfi ciddi təhlükə kimi görür. Düzdür, Türkiyənin `Milli Təhlükəsizlik Siyasət Sənədi`ndə cox uzun müddətdən sonra, 2002-də Yunanıstan 1 nömrli təhlükə olmaqdan çıxarılmışdır. Ancaq, səfərdən əvvəlki təxminən son 2 ay ərzində Türkiyə Baş Qərargahı, dəfələrlə Yunan tərəfini Türkiyə sərhəddini pozmaqla günahlandırmışdı. Səfərə bir neçə gün qalmış isə sərhəd pozma hallarının rekord səviyyəyə çatdığına dair məlumat kütləvi informasiya vasitələrinə ötürülmüşdü. Xatırladaq ki, Yunanıstanın Milli Təhlükəsizlik Konsepsiyasında isə Türkiyə hələ də `bir nömrəli təhlükə` kimi göstərilir. Ümumiyyətlə isə iki ölkə arasında problem təşkil edən mövzuların əsasən uzunüddətli strateji maraqlarla əlaqəli olması, onlar barəsində ani qərarları mümkünsüz edir. Məsələn, Yunan baş nazir Karamanlisin çıxışına nəzər saldıqda ümumən gözəl sözlər dediyi, amma çox konkret şeylər istədiyi aydın görünür. Elə şeylər ki onları almaq üçün sadəcə gözəl sözlər demək bəs eləmir. Bunun üçün münasibətlərin bərabər prinsiplərlə, ikitərəfli planlı və ardıcıl siyasətlərlə inkişafı zəruridir. Yuxarıdakılara, Türk-Yunan münasibətlərindəki yaxınlaşmanı öz uzunmüddətli maraqlarına zidd görən və bu yaxınlaşmaya bütün imkanları ilə mane olmağa çalışan üçüncü dövlətlərin rolunu da əlavə etmək lazımdır. İndiki Türk və Yunan hökümətləri münasibətləri inkişaf etdirməkdə maraqlı görünürlər. Onların bu hədəflərinə nail olub olmayacaqları bütün digər şərtlərlə yanaşı həm də 49 il əvvəlki görüşü keçirən sələflərinin aqəbəti ilə üzləşib üzləşməmələrindən asılı olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar