SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ FƏTULLAHÇILAR ORDUNU KÜNCƏ SIXIŞDIRIR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ FƏTULLAHÇILAR ORDUNU KÜNCƏ SIXIŞDIRIR

Gunaz.tv
Milli Təhlükəsizlik Şurasının iclası keçirilən saatlarda daha bir polkovnik həbs olundu Türkiyədə silahlı qüvvələrlə hakimiyyətdə təmsil olunan fətullahçılar təriqəti arasında mübarizə kəskinləşərək ordunun küncə sıxışdırılması istiqamətində davam edir. “Röyter” agentliyinin hazırladığı təhlildə deyilir ki, vaxtilə toxunulmaz sayılan türk generalları ölkə qanunvericiliyinin Avropa İttifaqının tələbləri ilə dəyişdirilməsindən sonra özlərini müdafiə etmək durumunda qalıblar. Çünki onların səlahiyyətləri azalıb. “Nəticədə generallar islamçıların silahlı qüvvələri bölmək istiqamətindəki fəaliyyətlərinə müdaxilə edə bilmir, özlərini daha əvvəl görünməmiş təzyiq altında və küncə sıxışdırılmış hesab edirlər”. Agentlik silahlı qüvvələrin Baş qərargah rəisi İlkər Başbuğun orduya qarşı psixoloji savaş açıldığı haqda ifadəsini də sitat gətirir. Bildirilir ki, Fətullah Gülən təriqəti üstüörtülü şəkildə ordunu nüfuzdan salmaq üçün genişmiqyaslı kampaniya aparır. Qeyd edək ki, Türkiyədə “Ergenekon” istintaqını aparan çevrələrdən mətbuata ötürülən və ordu polkovniki tərəfindən imzalandığı deyilən “İrtica ilə mübarizə planı” ilə bağlı gərginlik davam etməkdədir. Bu planda deyilirdi ki, ordu AKP-yə qarşı müxalifətdə olanları dəstəkləməli, Fətullah Güləni və nurçular təriqətini terroçularla əlbir olaraq göstərməlidir. Lakin Baş qərargah rəisi Başbuğ belə plan hazırlanması üçün əmr vermədiyini bildirib, araşdırmalardan sonra elan edilib ki, sənəd Baş qərargahda hazırlanmayıb. Daha sonra Başbuğ bu sənədin saxta ola biləcəyinə işarə edərək bəzi qüvvələrin orduya qarşı psixoloji savaş açdığını deyib. Dünən isə Milli Təhlükəsizlik Şurasının iclasının davam etdiyi saatlarda qalmaqala səbəb olan sənədin altında imzası olduğu deyilən polkovnik Dursun Çiçək “Ergenekon” işi üzrə həbs olunub. Bu xəbər iclasın gedişində xüsusi notla baş nazir Rəcəb Tayyib Ərdoğana, prezident Abdulla Gülə və Baş qərargah rəisi İlkər Başbuğa çatırılıb. Polkovnikin həbsi göstərib ki, bu məsələ ilə bağlı hökumət və silahlı qüvvələr arasında anlaşma yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar