İşğalçı Ermənistan üzərində qələbədən sonra Azərbaycan Respublikasının beynəlxalq siyasətdə mövqeyi xeyli güclənib.
Gunaz.tv
Son zamanlar Türkiyə də bölgədə həlledici söz sahibinə çevrilib.
Bu faktorlar ermənilərə qarşı informasiya müharibəsində mühüm avantaja çevrilir. Hər il aprelin 24-də ermənilər bütün dünya ölkələrində Türkiyə və Azərbaycan əleyhinə kampaniyaya başlayırlar.
Qondarma erməni soyqırımı ilə bağlı heç bir əsası olmayan yalançı rəqəmlər səsləndirilir. Ermənilər qondarma genosidlə bağlı rəqəmləri şişirdir, özlərini dünyada əzabkeş xalq kimi təqdim edirlər.
Biz isə 1905-1918-ci illərdə yüz minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olsa da bu faktları dünya ictimaiyyətinin diqqətinə lazımi səviyyədə çatdıra bilməmişik.
Yeni mərhələdə soyqırım faktlarının dünyaya çatdırılması üçün Azərbaycan dövləti, ictimaiyyəti, mediası hansı addımları atmalıdır?
“Ermənistanın hazırki şok vəziyyətindən istifadə etməliyik”
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Günaz.TV-yə açıqlamasında deyib ki, ötən əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamların miqyası dəqiq verilməlidir:

“Soyqırım təkcə Qafqazda yox, Güney Azərbaycanda, hətta Mərkəzi Asiyada bütün türk xalqlarına qarşı həyata keçirilmiş bir cinayətdir. Biz yeni mərhələdə erməniləri türk-müsəlman xalqlarına, habelə yəhudilərə, Qafqazın digər xalqlarına qarşı törətdiyi soyqırım aktları ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq.
Çünki son zamanlar mövqeyimiz xeyli güclənib, ermənilər gücdən düşüb. Erməni yalanları faş olub, dünya onların saxtakar dövlət olduqlarını artıq bilir.
Ermənistanın şok vəziyyətində olduğu indiki şəraitdə Azərbaycanın və digər türk dövlətlərinin bu istiqamətdə fəaliyyəti güclənməlidir. Biz əlverişli şəraitdən maksimum istifadə etməliyik ki, azərbaycanlılara qarşı törədilmiş real soyqırım faktlarını dünyada tanıda bilək”.
“Beynəlxalq simpozium keçirilməlidir”
Aydın Quliyev hesab edir ki, Azərbaycan və türk diasporunun fəaliyyətinin koordinasiyasına ciddi şəkildə ehtiyac var: “Çox yaxşı olardı ki, Azərbaycan və digər türk dövlətlərinin alimlərinin, siyasətçilərinin iştirakı ilə birgə simpozium keçirilsin.
O simpoziuma ermənilər tərəfində türklərə qarşı həyata keçirilmiş soyqırımı rəsmi olaraq tanıyan ölkələrin parlamentlərinin nümayəndələri də dəvət edilməlidir. Bu halda biz ciddi nəticələr əldə edə bilərik”.
“Soyqırım abidələri rəsmi ziyarət protokoluna salınmalıdır”
Baş redaktor soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş abidənin yaradılmasını da vacib sayır: “Bu, əslində indiyə qədər yaradılmalıdır. Bu cür abidələr türk dövlətlərinin paytaxtlarında qoyulmalıdır. Soyqırım abidələrinin rəsmi ziyarət protokoluna salınması da yaxşı olardı”.
Ayxan Turan