SON XƏBƏRLƏR

“Türkmən səhra”da sel böhranı və farsdilli mətbuatın səssiz qalması...

2021.10.20, 07:36
 “Türkmən səhra”da sel böhranı və farsdilli mətbuatın səssiz qalması...

Gunaz.tv

GünAz TV: “Türkmən səhra” məntəqəsində sel böhranı yaşandığı halda, bununla bağlı xəbər bir çox farsdilli mətbuat orqanında işıqlandırılmır. Bu məsələ soydaşlarımızın etirazına səbəb olub.

 

Azərbaycan və türkmən türkləri sosial şəbəkələrdə hadisəni Kirmanşah zəlzələsi və Tehranın “Plasko” ticarət mərkəzində baş verən yanğınla müqayisə edir, ölkə mətbuatının fərqli münasibətini göz önünə çəkirlər. Oxşar hadisə ötən illərdə Güney Azərbaycanda baş verən sel və zəlzələ fəlakətində də müşahidə olunmuşdur.

 

Baş verən daşqınla bağlı Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur İran Qızılaypara Cəmiyyətinin rəisi Dr. Peyvəndi ilə əlaqə saxlayaraq sel bölgəsinə yardımları artırmağa çağırıb. O bildirib ki, lazım olursa Azərbaycandan yardım toplayıb bölgəyə göndərmək olar.

 

Gülüstan Əyaləti Qızılaypara Cəmiyyətinin icraçı direktoru Məhəmmədəli Hərəvi isə əhalini sel bölgəsinə yardım etməyə çağırıb. Onun sözlərinə görə, hal-hazırda konservləşdirilmiş məhsullar, mineral sular, isti geyim, quru süt, çadır və adyala ehtiyac var.

 

Son günlərdə yağan güclü yağışlar nəticəsində “Türkmən səhra” bəndlərində suyun miqdarı artıb. Səlahiyyətli orqanlar vaxtı-vaxtında bənd sularını buraxmadığı üçün nəhayət "Sarı su" (Qorqanrud) çayında daşğın əmələ gəlib və “Qonbəd Kavus”, “Ağ Qala” və ətraf kəndləri sel bürüyüb. Təbii fəlakət nəticəsində iki uşaq həlak olub və əhalinin çox sayda mal-qarası tələf olub. Sel bölgənin infrastrukturu, yaşayış evləri və kənd təsərrüfatına da ciddi ziyan vurub.

 

Yerli məsullardan birinin sözlərinə görə, hal-hazırda bölgədə 51 kəndin içməli suyu kəsilib, onlara tankerlərlə su daşınır. Bəzi kəndlərin işığı kəsilib, bir neçə kəndə gedən yollar isə torpaq sürüşməsi nəticəsində bağlanıb.

 

Son xəbərlər “Qonbəd kavus”da selin azaldığı göstərir, lakin “Ağ Qala” Şəhər İcra Hakimiyyətinin başçısı təmsil etdiyi bölgədə hələ də sel böhranının davam etdiyini bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar