SON XƏBƏRLƏR

Urmiya gölünün qurumasının qarşısını almaq üçün ənənəvi kənd təsərrüfatı modern sənaye formasına dəyişdirilməlidir

2021.10.20, 07:36
Urmiya gölünün qurumasının qarşısını almaq üçün ənənəvi kənd təsərrüfatı modern sənaye formasına dəyişdirilməlidir

Gunaz.tv

GünAz TV: Urmiya gölünün qurumasının qarşısının alınması və yenidən bərpası üçün Şərqi və Qərbi Azərbaycanın 2 əyalətində kənd təsərrüfatı sahəsində böyük investisiya qoyuluşu həyata keçirilməli, eləcə də əkinçilər və bağçılara dəstək göstərilməlidir.

 

Uzun illərdir Şərqi Azərbaycan fermerləri öz məhsullarını satmaq istiqamətində böyük problemlərlə üzləşibsələr də, İran hökuməti onlara heç bir yardım göstərmir.

 

Artıq fermerlərin öz məhsullarını yığmaq mövsümünə sayılı günlər qalıb. Klassik əkinçilik üsuluna əsaslanaraq, əkinçilər məhsulları böyük əziyyət və çoxlu miqdarda su sərf etməklə ərsəyə gətirirlər. Lakin əhalinin kasıb təbəqəsi kateqoriyasına daxil olan əkinçilər il ərzində çətinliklə yetişdirdikləri məhsulu satmaqda çətinlik çəkirlər.

 

Onların ən böyük şikayəti qiymətlərlə bağlıdır. Əkinçilər bildirirlər ki, ortada ən böyük mənfəət götürən dəllallar məhsulu onlardan çox ucuz qiymətlərə alırlar. Beləliklə, onlar il boyu təsərrüfata yatırdıqları pulu çıxara bilmirlər.

 

Digər tərəfdən, Güney Azərbaycan şəhristanlarından bəziləri Urmiya gölünün hövzəsində yerləşdiyinə görə, burada suvarma üçün həddindən çox suyun istifadə edilməsi gölün mövcudiyyətini təhdid edir. Bu isə öz növbəsində ənənəvi təsərrüfat formasının daha çox su tələb etdiyini, torpağı aşındırdığını, böyük zəhmətə səbəb olduğunu və iqlimi təhdid etdiyini göstərir.

 

Mütəsəssislər bildirirlər ki, tarixin ən böyük ekoloji böhranı olan Urmiya gölünün qurumasının səbəbi bu bölgədə klassik kənd təsərrüfatının nizamsız dərəcədə artması və əkinçilik məqsədləri üçün istifadə edilən torpağın 3 dəfə çoxalmasıdır.

 

Kənd təsərrüfatı Güney Azərbaycan əhalisinin əsas gəlir vasitəsi olduğundan, bölgədə əkinçiliyi qadağan ekmək də mümkün deyil. Lakin çıxış yolu kimi bu ərazilərdə aparılan əkin-biçinə dəqiq nəzarət və təsərrüfat sahiblərinə dəstək problemin müəyyən qədər aradan qaldırılması istiqamətində zəruri və həyati addımdır.

 

Bu istiqamətdə problemin qarşısını müəyyən qədər almaq üçün həmin ərazilərdə üzüm, badam, püstə və zəfəran kimi az su içən məhsulların əkini prioritet olmalıdır. Buna görə də, bölgədə konvertasiya olunan modern sənaye və zavodlar təsis edilməlidir.

 

Bundan başqa, don və dolu da ərazilərdə əkilən məhsulların tələf olmasına səbəb olur. Bunun qarşısını almaq üçün əkin sahələrində dolu əleyhinə qurğuların quraşdırılması və dəqiq hava məlumatı əkinçilərə çox böyük kömək edər.

 

Bölgədə bütün sadalanan halların həll edilməsi və modern suvarma sistemlərinin quraşdırılması Urmiya gölünün mövcudiyyətini davam etdirməsi üçün effektiv təsir göstərə bilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar