SON XƏBƏRLƏR

Urmiyə Universiteti Elmi Heyətinin üzvü: “Əhali məsulların Urmu gölü ilə bağlı siyasi şounun qurbanı olur”

2021.10.20, 07:36
Urmiyə Universiteti Elmi Heyətinin üzvü: “Əhali məsulların Urmu gölü ilə bağlı siyasi şounun qurbanı olur”

Gunaz.tv

GünAz TV: Urmiyə Universiteti Elmi Heyətinin üzvü Hüseyn Rzayi Urmu gölünün canlandırılması məsələsində rəsmi orqanlarının fəaliyyətini kəskin tənqid edib.

 

O bu barədə “Fars” xəbər agentliyinə danışıb.

 

“Çox təəssüflər olsun ki, Urmu gölünün canlandırılması məsələsi siyasi təbliğat üçün bir vasitəyə çevrilib. Bu siyasi şounun nəticəsində Urmu gölü quruyur və yerli əhali bu prosesin qurbanı olur”- deyə o vurğulayıb.

 

Urmiyə Universitetinin keçmiş Kənd Təsərrüfatı Fakültəsinin rəisi gölün canlandırılması prosesində diqqət yetirilməli olan bəzi məsələlərə işarə edərək qeyd edib ki, “Biz hər il mart ayında göldə suyun səviyyəsinin sabit qaldığına şahid oluruq. Bu göstərir ki, göldə suyun qalması müddəti məhduddur. Ona görə də gölün optimal sahəsini nəzərə almadan ona şirin su daxil etmək düzgün deyil. Gölün sahəsi böyük olduğundan su qısa müddətdə  buxarlanacaq və gölün canlandırılması üçün heç bir işə yaramayacaq.”

 

H.Rzayi gölün bərpası uğrunda fəaliyyət göstərən qurum və orqanların adını sadalayaraq əlavə edib ki, bu qurumların hər biri başqa bir idarəyə tabedir və eyni mərkəzdən idarə olunmur. Ona görə də bu şəkildə fəaliyyət göstərmək vaxt itirməkdən başqa heçnə deyil. Vəziyyət belə davam edərsə, göl məhv olacaq və bölgənin ekosistemi ciddi şəkildə pozulacaq.”

 

Qeyd edək ki, Urmu gölünün artıq 95 faizi quruyub. Göl, böhran başladıqdan uzun illər sonra bu vəziyyətə çatıb. Dövlət isə bu müddətdə əsasən araşdırma apardığını və tədbir almağa hazırlaşdığını bildirib. Uzun illər ərzində heç bir əməli tədbir görülmədiyindən artıq göl quruyub yox olmaq ərəfəsindədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar