SON XƏBƏRLƏR

Urmiyədə saxlanılan fəalla bağlı heç bir məlumat yoxdur

2021.10.20, 07:36
Urmiyədə saxlanılan fəalla bağlı heç bir məlumat yoxdur

Gunaz.tv

GünAz TV: İyunun 2-də Urmiyə məhkəməsində təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi barəsində heç bir məlumat yoxdur.

 

Fəalın harada və hansı vəziyyətdə saxlandığının məlum olmaması ailəsinin nigaranlığına səbəb olub.

 

Fəal ötən bazar günü Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Bundan əvvəl çıxarılan mülki vəsiqənin məbləği məhkəmə tərəfindən artırıldıqdan sonra o təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bu günə qədər fəalın vəziyyəti haqda heç bir məlumat əldə etmək mümkün olmayıb.

 

Əli Əzizinin atası onun harada saxlandığını bilmək üçün məhkəmə orqanlarına müraciət edib, lakin məsullar onunla bağlı hərhansı məlumata malik olmadıqlarını bildiriblər. Bu məsələ Əzizi ailəsinin daha çox nigaranlığına səbəb olub.

 

Həmin dosyeyə görə məhkəməyə çağırılan Əta Kərimi ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəmə iclasına qatılmaqdan imtina edib.

 

Əli Əzizi və Əta Kərimi iyunun 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

 

Əta Kərimi və Əli Əzizi 4 il əvvəl (hicri-şəmsi təqvimi ilə 1394-ci ilin xordad ayında) Urmiyədə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, onlar mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəallara saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşdikləri elan olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsi dosyenin qapanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən məhkəmə işinin açılmasını istəyib.

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək dosyelərinin uzun müddətdir qapanmamasına öz etirazlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar