SON XƏBƏRLƏR

“Urmiyədə səsləndirilən şüarların Ərdəbildə təkrar olunacağına imkan verməyəcəyik” - İran idman nazirinin müavini

2021.10.20, 07:36
“Urmiyədə səsləndirilən şüarların Ərdəbildə təkrar olunacağına imkan verməyəcəyik” - İran idman nazirinin müavini

Gunaz.tv

GünAz TV: İyunun 14-dən 16-dək Güney Azərbaycanın Urmiyə şəhərinin “Durnalar yuvası” stadionunda dünya millətləri voleybol liqası keçirildi. Yarışlar zamanı voleybol izləyiciləri İran komandasını təşviq etmədi, lakin Azərbaycanla bağlı bir çox şüar səsləndirildi.


Məsələyə münasibət bildirən İran gənclər və idman nazirinin müavini Əbdulhəmid Əhmədi dilə gətirilən şüarların Ərdəbildə keçiriləcək yarışlarda təkrar olunmaması ilə bağlı xəbərdarlıq edib.


“Urmiyədə 3 milli komanda oyunçusunun xəsarət alması ilə nəticələnən yanlış hadisə Ərdəbildə təkrar olunmamalıdır. Bəzilərinin müəyyən şüarlar səsləndirərək stadionda atmosferi dəyişməsinə də icazə verilməyəcək.”- deyə o bildirib.


Ə.Əhmədi Ərdəbildə Azərbaycanla bağlı səsləndirilməsi gözlənilən şüarlarla bağlı voleybol tamaşaçılarının (azarkeşlər) başçıları (liderlər) ilə görüş keçiridiyinə işarə edərək bildirib ki, Rzazadə salonundan yalnız İranın adı eşidilməli və İran bayrağı dalğalandırılmalıdır. Bu şəkildə bəzi xoşagəlməz şüarların səsləndirilməsinin qarşısı alınmalıdır.


Nazir müavini əlavə edib ki, bu yarışlar dünyada 1 milyarddan çox insan tərəfindən izləniləcək.

 


Qeyd edək ki, bu xəbər “İsna” agentliyində yayılıb, lakin sonra təhlükəsizlik orqanlarının müdaxiləsi ilə onun bir çox hissəsi təhrif edilib və ya ləğv olunub. Buna baxmayaraq xəbər hələ də “Cəmaran” saytında olduğu kimi qalır.  


Urmiyənin iyunun 14-dən 16-dək keçirilən beynəlxalq yarışlarda “Durnalar yuvası” stadionunda tamaşaçı az olsun deyə internetdə bilet satışında problem yaradıldı, azərbaycanlı gənclərin bir çoxu bilet əldə edə bilmədi. Qərbi Azərbaycanın yerli olmayan kürddilli məsulları stadionda milli şüarlarımızın səsləndirilməsinə də mane olmaq istədilər, onlar bu barədə dəfələrlə xəbərdarlıq etdilər. Lakin bütün təzyiqlərə baxmayaraq azərbaycanlı gənclərın “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarları stadionu lərzəyə gətirdi.
 
Tamaşaçılardan bəziləri isə Qərbi Azərbaycan Əyaləti və Urmiyəyə göz tikən kürd terror qruplaşmalarına cavab olaraq "Urmiyə Azərbaycanın ürəyidir" plakatı qaldırdılar.
 
Oyundan sonra stadion ətrafında şənlik edən bir qrup gənc isə İran bayrağının yerinə Azərbaycanın üçrənglı bayrağını dalğalandırdı. Onların Azərbaycanın doğma bayrağını nümayiş etdirməsi ətrafdakı soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Urmiyə xiyabanlarında Azərbaycan bayrağından başqa "Traxtur" komandasının bayrağı da nümayiş etdirildi.


Ərdəbildə keçiriləcək dünya voleybol liqasında Fransa, Portuqaliya, Avstraliya və İran komandaları iştirak edəcək. İyunun 21-də başlayacaq yarışlar 3 gün davam edəcək. Güney azərbaycanlı fəallar yarışlara bir neçə gün qalmış stadionda milli şüarlar səsləndirməyə hazırlaşıblar.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar