SON XƏBƏRLƏR

Urmiyənin millət vəkili Azərbaycan misinin talanmasına etiraz edib

2021.10.20, 07:36
Urmiyənin millət vəkili Azərbaycan misinin talanmasına etiraz edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Azərbaycan Süngün Mis Mədəninin hökumət tərəfindən talanmasına rəsmi şəkildə etiraz bildirib.

 

O bu barədə İranın Sənaye, Mədən və Ticarət naziri Məhəmməd Şəriətmədariyə etiraz məktubu ünvanlayıb.

 

Mədəndə istehsal olunan məhsulun Kirmana daşındığına sərt etiraz bildirən millət vəkili məktubun başlanğıcında “Süngün Mədəninin sözdə Azərbaycanın, əməldə isə kirmanlıların” olduğunu qeyd edərək bu ədalətsizliklə bağlı xəbərdarlıq edib.

 

Qazipur bildirib ki, “Süngün Mis Mədəninin məhsulu xammal kimi bölgədən çıxarılır, onun qazancı Kirman Əyalətinə yatırılır. Mədəndən əldə olunan gəlirin çox az hissəsi Azərbaycana nəsib olur. Bu da bölgənin ətraf mühiti ilə əlaqədar ödəmələrlə bağlıdır.

 

“Mədənin ətraf mühitə vurduğu ziyan Azərbaycana qalır. Lakin vergidən əldə olunan gəlir, məşğulluq sahəsində yaranan fürsətlər, fabriklər, emal sənayesi, məhsulun ixracat və satışı kirmanlılara nəsib olur. Azərbaycan misinin hesab-kitabı Şərqi Azərbaycan Əyalətində edilmir. Bu səbəbdən əyalətin bankları belə sözügedən mədəninin iqtisadi mənafeyindən bəhrələnə bilmir”- deyə N.Qazipur vurğulayıb.

 

Urmiyənin millət vəkili tərəfindən yazılan məktubda digər azərbaycanlı deputatların imzası görünmür.

 

Qeyd edək ki, Güney Azərbaycanın hər tərəfi qiymətli daşlar, qızıl, mis, mineral sular, duz mədənləri, müxtəlif metallar və s. kimi yataqlarla zəngindir. Lakin mədənlərin kənarında emal fabriklərinin olmaması bəhanəsi ilə, əldə edilən məhsullar xammal şəklində İranın digər vilayətlərinə intiqal edilir. Bu isə mədənlərdən əldə olunan qazancın azərbaycanlılara nəsib olmaması dəməkdir. Bu vəziyyət yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar