SON XƏBƏRLƏR

Urmu gölü ətrafından kütləvi köç artıb

2021.10.20, 07:36
Urmu gölü ətrafından kütləvi köç artıb

Gunaz.tv

GünAz TV: Urmu gölündə böhranlı vəziyyət davam etdikcə, göl ətrafında yerləşən kəndlər əhalidən boşalır.

 

Təbrizin millət vəkili Əhməd Əlirzabeygi parlamentin agentliyi ilə danışığında gölün ətrafında əkinçiliklə məşğul olan kəndlilərin kütləvi köç etməsi haqda ciddi xəbərdarlıq edib.

 

“Təəssüflər olsun ki, Urmu Gölünü Canlandırma Mərkəzinin gördüyü işlər nəinki göldə heç bir müsbət dəyişikliyə səbəb olmayıb, hətta bu mərkəz yerli əhalinin məişət və taleyini nəzərə almadan fəaliyyət göstərdiyi üçün bir sıra problemlər yaradır”- deyə o bildirib.

 

Millət vəkili vurğulayıb ki, Urmu gölündə suyun səviyyəsinin bir neçə santimetr qalxması yağıntılarla bağlıdır, onun Canlandırma Mərkəzinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Hər il payız və qış aylarında yağıntılarla əlaqədar göldə suyun səviyyəsi bir neçə santimetr qalxır, lakin bu müvəqqətidir, yay aylarında yenidən buxarlanır.

 

Azərbaycanlı millət vəkili Urmu gölü ətrafında əkinçiliklə bağlı yaranan manelərə də işarə edib: “Bölgə əhalisinin fəaliyyətinə məhdudiyyət tətbiq olunarsa, onların məişət problemləri artacaq və nəticə etibarı ilə gündəlik işlərə üz tutub və ya şəhərlərə köçməli olacaqlar. Onların əksəriyyəti qonşu əyalətlərin şəhərlərində qeyri-rəsmi yaşayış məntəqələri və şəhər həndəvərində yaşamağa məcbur qalır.”

 

Əhməd Əlirzabeygi əlavə edib ki, qarşıdakı ildə (hicri-şəmsi təqvimi ilə 1398-ci il) Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti nəzərdə tutulmayıb. Ayrılan büdcə vəsaiti bütün su hövzələri və gölməçələrə aiddir. Bu o deməkdir ki, gölün ayrıca büdcəsi yoxdur.

 

Qeyd edək ki, Urmu gölündən qalxan duz fırtınası ətraf ərazilərdəki bağ və əkin yerlərinə ciddi ziyan vurur. Urmu Gölünü Canlandırma Mərkəzi də gölü dirçəltmək bəhanəsi ilə bölgədə əkinçiliklə məşğul olan kənd əhalisinə bir çox manelər yaradır. Bütün bunlar o halda baş verir ki, hökumət əkinçilər üçün alternativ iş nəzərdə tutmayıb. Bunun nəticəsində gölün ətrafındakı kəndlər əhalidən boşalır, onlar ətraf şəhərlərə, bəzi hallarda isə İranın mərkəzi əyalətlərinə üz tutur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar