SON XƏBƏRLƏR

Urmu gölünü İran dövlətinin yanlış işləri qurutdu - Meteorologiya Təşkilatının rəisi

2021.10.20, 07:36
Urmu gölünü İran dövlətinin yanlış işləri qurutdu - Meteorologiya Təşkilatının rəisi

Gunaz.tv

GünAz TV: İran Meteorologiya Təşkilatının rəisi Davud Pərhizkar davamlı inkişaf planı adı ilə bölgədə su bəndləri və Urmu gölü üzərində körpü tikilməsini yanlış qərar adlandırıb, bu işlərin Urmu gölünün quruması ilə nəticələndiyini bildirib.

 

O bu barədə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Heyətin (IPCC) keçirdiyi iclasda danışıb.

 

“Dövlətin davamlı inkişaf planı Urmu gölünü qurutdu, bu, su hövzəsini məhv etdi.  Əslində Urmu gölü, Zayəndərud (Doğan çay), Kərxe və Karun davamlı inkişaf planına qurban gedən su hövzələrinin nümunələridir”- deyə o bildirib.

 

D.Pərhizkar öz çıxışında dövləti inkişaf layihələrini dəyişdirməyə çağırıb: “İnkişaf layihələri baş vermiş iqlim dəyişikliyinə uyğun olmalıdır. Ona görə də davamsız inkişafa şahid olmaq istəmiriksə, bu layihələrə yenidən baxılmalıdır. Elə bu layihələr adını çəkdiyimiz su hövzələrini qurudub məhv etdi. Son 11 ildə yağıntıların normadan az olması və İranda temperaturun 2 dərəcədən çox artması ölkədə iqlim dəyişikliyinin baş verdiyini sübut edir.”

 

İran Meteorologiya Təşkilatının rəisi yanlış layihələrin nəticələri ilə bağlı sözlərini belə davam etdirib.

“Bir məntəqənin su səhmi 100 millimetrdirsə, və o məntəqənin inkişaf planı üçün 150 millimetr su tələb olunursa, bu o deməkdir ki, inkişaf planı məntəqənin su potensialına uyğun deyil. Bu şəraitdə inkişaf layihələri ilə məşğul olanlar başqa qaynaqlar, xüsusi ilə də yeraltı sularından istifadə etməyə məcbur olur. Bu sular da məhdud olduğu üçün sonra daha dərin qatlardakı sular istifadə olunur. Bu şəkildə bizim yeraltı və yerüstü su ehtiyatlarımızda problem yaranıb və bugünki vəziyyətə çatmışıq”- deyə o vurğulayıb.

 

Urmu gölü ilə bağlı İran rejiminin məqsədyönlü siyasət apardığı vaxtaşırı mətbuat orqanları və rəsmi şəxslər tərəfindən gündəmə gətirilir. Bundan əvvəl “Tabnak” saytı Urmu gölü böhranı ilə bağlı İran rejimninin gizli siyasətini açıqlayaraq bildirmişdir ki, “dövlət gölü qəsdən qurudur. Əsas məqsəd yerli əhalini İranın mərkəzi bölgələrinə köçürməkdir...”

 

Urmu gölünün qurtarılması ilə bağlı heç bir əməli iş görülmədiyi üçün hazırda gölün 96 faizi quruyub. Göl təmami ilə quruyarsa, oradan 500 kilometr radiusda yerləşən bütün canlıların həyatı təhlükə ilə üz-üzə qalacaq. Hazırda Urmu gölü ətrafında baş verən duz və qum fırtınaları, zəhərli metalların zərrəciklərini ətraf ərazilərə yaydığı üçün bölgədə xərçəng kimi bir çox təhlükəli xəstəliklər artırıb. Bu vəziyyət bölgənin kənd təsərrüfatı və digər canlılara da öz təsirini göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar