SON XƏBƏRLƏR

Dövlət başçısı: "Deyirdim ki, daha yaxşı şərait yaradacağıq və yaradırıq"

2021.10.20, 07:36
Dövlət başçısı: "Deyirdim ki, daha yaxşı şərait yaradacağıq və yaradırıq"

Gunaz.tv

Mən Prezident kimi öz fəaliyyətimi bunun üzərində qurmuşdum. Çünki bizim əsas hədəfimiz Qarabağın işğaldan azad edilməsi idi. Bütün başqa addımlar - Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz,

nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz - bütün bu işlərin fövqündə bu müqəddəs an dayanmışdı – Zəfər Günü. Biz bütün bu gücləri səfərbər edib xalqımızın zəhməti, qəhrəmanlığı hesabına istədiyimizə nail olduq".

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"Əlbəttə, Ulu Öndər haqqında burada deyildi. Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş

torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. 

Çünki bu təməli O qoydu - ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına O istiqamətləndirmişdi. Əli müəllim yaxşı xatırlayır, Aşağı Ağcakənd kəndində, o yağışlı havada, yadınızdadır, biz bərabər idik, Ulu Öndərin arxasında durmuşduq. Aşağı Ağcakənd kəndinin yenidən qurulması çox böyük məna daşıyırdı. 

Çünki sovet vaxtında ona Şaumyan rayonu deyirdilər. Köçkünlər üçün birinci şəhərciyi məhz orada saldı, birinci vəsaiti oraya ayırdı. O vaxt bizim pulumuz yox idi, xəzinə boş idi. Neftin satışından ilk pul gəldi, dedi ki, onu da oraya verəcəyik. Mən də bu yolla getdim. 2003-cü ildə xalq mənə etimad göstərəndə dedim ki, atamın yolu ilə gedəcəyəm. Məcburi köçkünlər üçün nə qədər böyük işlər görüldü. 

Əli müəllim bu işlərin icraçısı idi, 100-dən çox şəhərcik salındı. Amma hər dəfə keçmiş köçkünlərlə görüşəndə deyirdim ki, - onlar da, əlbəttə, təşəkkürünü bildirirdilər, - bu, müvəqqətidir. Yadınızdadır, deyirdim müvəqqətidir. Torpaqlar azad olunandan sonra daha yaxşı evlər tikəcəyik. Bax, bu gün ediləcək təqdimat həmin sözlərin təsdiqidir. 

O evlər də yaxşı evlər idi. Xaricdən gələnlər, beynəlxalq təşkilatların nümayəndələri müharibədən əvvəl köçkünlərə baş çəkəndə məəttəl qalırdılar ki, siz burada köçkünlər üçün beşulduzlu otel səviyyəsində şəhərciklər salırsınız. Biz də deyirdik ki, bizim standartlarımız budur.

Bizim üçün ən prioritet kateqoriya insanlar bunlardır. Bunlar əziyyət içində yaşayıblar, gərək ən yaxşı şəraitdə yaşasınlar. Deyirdim ki, daha yaxşı şərait yaradacağıq və yaradırıq", - dövlət başçısı bildirib.. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar