SON XƏBƏRLƏR

Xamneyi: “İngiltərənin bu xəbis əməlləri cavabsız qalmayacaq”

2021.10.20, 07:36
Xamneyi: “İngiltərənin bu xəbis əməlləri cavabsız qalmayacaq”

Gunaz.tv

GünazTV: İranın dini lideri Əli Xamneyi iyulun 16-da müxtəlif şəhərlərin imam cümələri ilə görüşdə çıxış edərək, İranın neft daşıyan gəmisinin Britaniya Dəniz Qüvvələri tərəfindən saxlanılmasına münasibət bildirərək, Avropa ölkələrinə qarşı təhqir dolu bəyanatlar səsləndirib.

 

Öz çıxışında Böyük Britaniyanı “dəniz quldurluğu”nda və “piratlıq”da günahlandıran Xamneyi, bu ölkənin hökumətini “xəbis” adlandıraraq, ona qarşı cavab tədbiri görəcəkləri ilə təhdid edib: “Bu gün xəbis İngiltərə dəniz qulduluğu ilə məşğul olur, gəmimizi oğurlayaraq cinayət törədir, öz cinayətinə isə qanuni don geyindirərək onu leqallaşdırır. Halbuki İran İslam Respublikası və bu sistemin mömin qüvvələri onun bu xəbis əməllərini cavabsız qoymayacaqlar.

 

Bu gün qərblilərdəki yekəxanalıq və lovğalanma ona gətirib çıxarıb ki, onlar həqiqətləri dərk edə bilmirlər. Əlbəttə ki, onların zəif ölkələr və millətlər qarşısında təkəbbürü onlara uğur gətirir. Lakin heç nədən qorxmayan və öz hüquqlarını müdafiə edən millətlər qarşısında qərblilər məğlubiyyətə uğrayırlar.

 

Bizim nüvə sazişi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri azaltmağımıza gəlincə, biz bu öhdəliklərə artıqlaması ilə əməl etdik. Lakin onları azaltmağa başlayan kimi onlar (qərblilər) üstümüzə gəlməyə başlayırlar. Axı həyasızlar, siz üzərinizə götürdüyünüz 11 öhdəliyə əməl etmədiniz. Necə olur ki, biz öhdəliklərimizi azaltmağa başlayan kimi səsiniz çıxır, etiraz edirsiniz. Şübhə yoxdur ki, biz öhdəliklərimizi azaltmaq prosesini davam etdirəcəyik” –deyə İranın dini lideri axund Əli Xamneyi əlavə edib.

 

Yayılan son məlumata əsasən, Əli Xamneyinin böyük Britaniyaya qarşı təhdid dolu bəyanatının ardınca, İranın Londondakı səfiri Rəsul Müvəhhidiyan iyulun 16-da bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq, ondan məsələ ilə bağlı izahat verməsi tələb edilib.

 

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar