SON XƏBƏRLƏR

Xamneyidən Paşinyana: “İran və Ermənistan arasında dostluq və digər əlaqələrin daha da inkişaf etdirilməsi hər iki ölkənin milli mənafeyinə xidmət edir”

2021.10.20, 07:36
Xamneyidən Paşinyana: “İran və Ermənistan arasında dostluq və digər əlaqələrin daha da inkişaf etdirilməsi hər iki ölkənin milli mənafeyinə xidmət edir”

Gunaz.tv

GünAz TV: Tehranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İranın “dini lider”i Əli Xamneyi ilə görüşüb.

 

Görüş zamanı Xamneyi iki ölkəni “dost və tarixi əlaqələri olan ölkələr” adlandırıb. O, həmçinin rəsmi Tehranla İrəvan arasındakı mövcud dostluq, siyasi və iqtisadi əlaqələrin hər keçən gün daha da möhkəmlənməsini, eləcə də davamlı olmasını istəyib.

 

Əli Xamneyi görüş zamanı Qərb əleyhinə də fikirlər səsləndirib və Amerikanı “İran- Ermənistan əlaqələrini korlamağa cəhd etməkdə” günahlandırıb və bildirib ki, “Amerikalıların istəklərinin əksinə olaraq, bütün sahələrdə əlaqələri davam etdirmək bizim vəzifəmizdir”. O, həmçinin Ermənistan da daxil olmaqla, qonşularla yaxşı əlaqələrin qurulmasının öz “islami vəzifə”ləri olduğunu deyib.

 

“Dini lider” hazırda iki ölkə arasındakı münasibətlərin potensialları nəzərə alaraq, yüksək səviyyədə olmadığından narazılığını ifadə edərək, Paşinyanın daha öncə prezident Ruhani ilə keçirdiyi görüş zamanı əldə edilmiş razılaşmalar və anlaşma memorandumlarının ciddi sürətdə həyata keçirilməsini istəyib.

 

Qarabağ münaqişəsindən də danışan Xamneyi bu problemin “yalnız sülh yolu ilə” həll edilə biləcəyini bildirib.

 

Xamneyi İranda ermənilərə yaradılan yüksək şəraitdən də danışıb və bildirib ki, “İran xalqı hər zaman erməni həmvətənlərinə qarşı sevgi və dostluq hissləri bəsləyir”. Paşinyan da ermənilərə yaradılan yüksək şərait və verilən azadlığa görə Xamneyiyə təşəkkür edib.

 

Qeyd edək ki, İran Qarabağ müharibəsi zamanından Ermənistana hərbi və iqtisadi yardım edən əsas ölkələrdəndir. Əhalisinin əksər hissəsi müsəlman şiələrdən ibarət olan Qarabağ ərazisi 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. İran isə heç vaxt nəinki Ermənistanı bu işğala görə qınamayıb, əksinə olaraq, Azərbaycan tərəfindən iqtisadi blokadaya salınmış işğalçı ölkə üçün həmişə nəfəslik rolunu oynayıb. Məhz İranın Ermənistanı qaz, işıq və digər zəruri olan məhsullarla təmin etməsi nəticəsində bu iqtisadi blokada pozulub. Hətta 2016-cı ilin aprel ayında Qarabağda baş verən döyüşlər zamanı da İranın Ermənistana hərbi və logistik yardım göstərdiyi barədə məlumatlar mövcuddur. Hər zaman özünün “müsəlmanların himayədarı” olduğunu iddia edən başda axund Əli Xamneyi olmaqla, İran rejimi daim müsəlmanları qətlə yetirən xristian Ermənistan kriminal rejiminə dəstək göstərir. Dünən keçirilmiş bu görüş həm də ermənilər tərəfindən həyata keçirilmiş Xocalı soyqrımından bir gün sonraya təsadüf edir.

 

Digər tərəfdən, Əli Xamneyinin özünün də etiraf etidiyi kimi, İranda ermənilərə hər cür şərait yaradılıb. Lakin Güney Azərbaycanda yaşayan həmvətənlərimiz daim İran rejimi tərəfindən repressiyalara məruz qalır və təməl hüquqların əksəriyyətindən məhrumdurlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar