SON XƏBƏRLƏR

Xamneyinin istefasını tələb edən fəallardan 8 nəfərinə 72 il həbs cəzası verilib

2021.10.20, 07:36
Xamneyinin istefasını tələb edən fəallardan 8 nəfərinə 72 il həbs cəzası verilib

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyini istefaya çağıran məktubu yazanlardan 8 nəfərinə ümumilikdə 72 il həbs cəzası verilib.

 

Bu barədə Twitter hesabında məlumat yayan vəkil Məhəmməd Ağasi hökmlərin Məşhəd İnqilab Məhkəməsi tərəfindən çıxarıldığını bildirib.

 

Onun sözlərinə görə, Əbdürrəsul Murtuzavi 26, Məhəmmədhüseyn Sepehri isə 6 il həbsə məhkum edilib.

 

Digər fəal Haşim Xastara 16 il həbs və 3 il Nikşəhr rayonuna sürgün hökmü çıxarılmaqla yanaşı, ölkədən çıxışına da 3 il məhdudiyyət qoyulub. Məhəmməd Nurizada qarşı da Haşim Xastara qarşı çıxarılmış son iki hökmlə bərabər, 15 il həbs cəzası verilib.

Məktubu imzalayan digər siyasi fəallar- Fatimə Sepehri 6, Haşim Rəcayi, Məhəmməd Hüseynpur və Murtuza Qasımi hər biri 1 il həbsə məhkum ediliblər.

 

Xatırladaq ki, 2019-cu ilin iyun ayının 11-də İranda yaşayan 14 siyasi fəal açıq məktub yayaraq, Əli Xamneyinin “dini liderlik” vəzifəsindən istefasını və konstitusiya quruluşunun dəyişdirilməsini istəmişdilər.

 

“Respublika və azadlıq anlayışlarının mövcud olmadığı hazırki şəraitdə Əli Xamneyinin istefası və konstitusiya quruluşunun dəyişdirilməməsi fonunda daha yaxşı quruluşun təşkil edilməsi üçün fəalların göstərdikləri təlaşlar nəticəsiz qalacaq”,- deyə məktubu imzalayanlar qeyd etmişdilər.

 

Bundan sonra İran daxilində yaşayan 14 qadın siyasi fəal oxşar məktub yayaraq, Xamneyinin istefasını və İslam Respublikası siyasi quruluşunun buraxılmasını tələb etmişdilər. Hər iki məktubu yazanların əksəriyyəti tutulub və məhkəmə onlara qarşı uzun müddətli həbs cəzaları çıxarıb.

 

Məhəmməd Nurizad da daxil olmaqla, fəallardan bir çoxunun səhhətinin yaxşı vəziyyətdə olmadığı barədə məlumatlar var.

 

Digər tərəfdən, məktubu imzalayanlardan biri- Kamal Cəfəri Yəzdiyə qarşı çıxarılmış ağır həbs cəzasına etiraz olaraq 11 avqust 2019-cu ildə Məşhədin Ümumi və İnqilab Ədliyyəsi qarşısında etiraz aksiyası keçirən 10 digər fəal da həbs edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar