SON XƏBƏRLƏR

Xeyriyyəçi soydaşlarımız Məlikan və Ərdəbil şəhərlərində onlarla məktəb tikdirir

2021.10.20, 07:36
Xeyriyyəçi soydaşlarımız Məlikan və Ərdəbil şəhərlərində onlarla məktəb tikdirir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bütün bölgələrində dərs otaqları çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olması təhsil sahəsində böyük problemə çevrilib.

 

Bu problem bəzi bölgələrdə qismən də olsa öz həllini tapmaqdadır. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən və edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olub.

 

Məlikan Şəhər İcra Hakimiyyəti başçısı Məhəmmədbaqir Xani yaxın zamanda 6 yeni məktəbin istifadəyə veriləcəyini bildirib.

O bu barədə Təhsil İdarəsi Şurasının oktyabrın 21-də keçirdiyi iclasda çıxış edib.

 

“Məlikanda xeyriyyəçilər tərəfindən tikdirilən 6 məktəb gələcək 2 ay ərzində istifadəyə veriləcək. 30 dərs otağından ibarət olan məktəb binalarına 40 milyard rialdan çox vəsait xərclənib.

Hal-hazırda Məlikan şəhərində 43 məktəb binası xeyriyyəçilər tərəfindən inşa edilməkdədir. Bu rəqəm ilin sonunadək 50-yə çatacaq.”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyəti başçısının sözlərinə görə, Məlikan xeyriyyəçilər tərəfindən inşa edilən məktəblərin sayı baxımından ölkə üzrə birinci yeri tutur.

 

Ərdəbil Əyaləti Məktəblərinin İnkişaf, Yenidənqurma və Təchizetmə İdarəsinin rəisi Dövlət Lütfi isə təmsil etdiyi Əyalətdə 15 yeni məktəbin tikilməkdə olduğunu bildirib.

O bu barədə Nir şəhərinin “Kor Abbaslı” kəndində xeyriyyəçi xanım Əhədi tərəfindən tikilməkdə olan məktəbə baxış keçirərkən danışıb.

 

“Xeyriyyəçilər bu sahəyə cəlb olunduqdan sonra Ərdəbil Əyalətində 393 məktəb binası tikilib. Bu məktəblərin hamısı Təhsil İdarəsinə təhvil verilib. Cari ildə əyalət üzrə 15 məktəb xeyriyyəçilərin vəsaiti hesabına tikilməkdədir, bu məktəblər 99 dərs otağına malikdir.”- deyə Dövlət Lütfi əlavə edib.

 

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsini yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək sözügedən problemi aradan qaldırmaq üçün dövlət tərəfindən hər hansı büdcə vəsaiti gözləmədiklərini diqqətə çatdırıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar