SON XƏBƏRLƏR

Xuzistanda spirtdən zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb

2021.10.20, 07:36
Xuzistanda spirtdən zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb

Gunaz.tv

GünAz TV: Son günlər Xuzistan əyalətində sənaye spirtindən zəhərlənmə halları nəticəsində ölənlərin sayı artıb.

 

Bu barədə məlumat yayan Əhvazın Cundi Şapur Tibb Elmləri İnstitutunun sözçüsü Əli Ehsanpur bildirib ki, hətta bölgədə spirtdən zəhərlənmə faktına görə xəstəxanalara müraciət edənlərin sayı koronavirusa görə müraciət edənləri üstələyib.

 

Onun sözlərinə görə, koronavirus epidemiyasının yayılmasından dünən gecəyə qədər Əhvazda 218 nəfər spirtdən zəhərlənmə səbəbindən xəstəxanaya müraciət edib və onlardan 20-si ölüb.

 

Əhvaz Tibb Elmləri İnstitutunun rəhbəri Fərhad Əbül Nejadiyan da məsələ ilə əlaqəli qeyd edib ki, insanlar arasında spirtin koronavirusun qarşısını alması ilə bağlı şayiələr yayılıb:

 

"Buna görə də, insanlar içmək üçün nəzərdə tutulmayan spirt almağa üz tutublar. Sənaye spirtinin içilməsi nəticəsində isə çoxlu sayda insan zəhərlənib", - deyə o əlavə edib.

 

O, zəhərlənmə nəticəsində 1 nəfərin görmə qabiliyyətini itirdiyini və 8 nəfərin intensiv terapiya şöbəsində ağır vəziyyətdə olduğunu bildirərək, bölgədə spirt zəhərlənməsindən ölənlərin sayının korona epidemiyası qurbanlarının sayını keçdiyini qeyd edib.

 

Digər tərəfdən, Kərəc prokuronun müavini Məhəmməd Ağayari də şəhərdə son günlər ərzində 7 nəfərin spirt zəhərlənməsi nəticəsində öldüyünü bəyan edib. O da həmin insanların koronavirusla mübarizə üçün yayılmış şayiələrə inanaraq, metanol spirti içdiklərinə görə zəhərləndiklərini deyib.

 

İran Dərman və Toksinlər Haqqında Məlumat Mərkəzi də son günlər spirt zəhərlənməsi nəticəsində təkcə Əhvaz və Kərəcdə deyil, ölkənin bir çox bölgələrində çoxlu sayda ölüm hallarının qeydə alındığını təsdiqləyib. Mərkəz yaydığı bəyanatda spirtin koronavirusun qarşısını almadığını bildirib və insanları öz həyat və sağlamlıqlarını qorumaq üçün bu addımdan çəkinməyə çağırıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar