SON XƏBƏRLƏR

“İran elə gücdə deyil ki, bizimlə müharibə etsin"-Siyasi şərhçi

2021.10.20, 07:36
“İran elə gücdə deyil ki, bizimlə müharibə etsin"-Siyasi şərhçi

Gunaz.tv

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıla səfəri zamanı İran rəsmilərinə cavab verdi. Bundan sonra İran yetkililərinin qərəzli bəyanatları dayanacaqmı? İranı təlaşlandıran hansı amillərdir?


“Tehranın Bakıya olan münasibəti rəqabətdən çox düşmənçilik konsepsiyasına əsaslanır”

Siyasi şərhçi Aqşin Kərimov Günaz.TV-yə açıqlamasında deyib ki, rəsmi Tehran yetkililərinin davranışlarında Azərbaycana qarşı düşmənçilik tendensiyası aydın sezilir:

Beşinci kolon: Şəbəkənin işləmə mexanizmi - Aqşin Kərimov yazır
“İranın dini lideri Əli Xamneyi həm də İran Silahlı Qüvvələrinin ali baş komandanıdır. 

Onun hədəsinin əsas istiqamətinin Azərbaycan olduğunu fikirləşmək üçün fövqəladə siyasi bilgilərə və üstün istedada malik olmaq lazım deyil. 

Xamneyi İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdiyi zamanda təhdid dolu açıqlama verməklə, Tehranın Bakıya olan münasibətinin rəqabətdən çox düşmənçilik konsepsiyasına əsaslandığını nümayiş etdirdi. 
Düzdür, Xamneyi Azərbaycanın adını çəkmədi, ancaq bəyanatının nüvəsi və xarakteri Azərbaycana yönəlmişdi. 

Xamneyinin “təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bilsin” deməsi yalnız və yalnız Bakıya qarşı təhdid ritorikasıdır”.

“İran Azərbaycanın güclənməsini istəmir”

Siyasi şərhçi İranın narahatlığının səbəblərinə də toxunub: 

“Birinci: İran Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə Qarabağı qeyri-leqal fəaliyyət üçün münbit platforma olaraq seçmişdi. Bunun üçün Qarabağa yükdaşımalar həyata keçirirdi, bununla həm, Azərbaycana qarşı separatizmi qidalandırırdı, həm də ticarətin gizli məramlarını reallaşdırırdı. 

Bu proses işğal müddətində ardıcıl və sistemli xarakter almışdı, hərçənd ki, Bakıdan ünvanlanan suallara Tehran təkziblə cavab verirdi. 

Bakıya isə hər şey bəlli olsa da, İrana qarşı tutarlı dəlillər ortaya qoya bilmirdi, çünki ərazilərin işğalda olması lazımi informasiyalara da çıxışı məhdudlaşdırırdı. 
İndi isə Azərbaycan əraziləri işğalçılardan təmizləməklə İranı qidalandıran mənbələrin birinə tıxac vurdu. 

İkinci: İran postmüharibə dövründə öz ətrafında yeni sərhəd zolağının yaranmasını qəbul edə bilmir, bunu bəzən transregional güc, qlobal güclərlə əlaqələndirir. 

Amma əsas səbəblərdən biri budur ki, İran Azərbaycanın güclənməsini istəmir. 

Üçüncü: Azərbaycanın müttəfiqləri çoxdur, Türkiyə kimi dövlət Azərbaycanın təhlükəsizliyinin qarantına çevrilib, Azərbaycanın regional gücə çevrilməsi yönündə addımlar atılır, bu isə Tehranda psixoloji durumu gərginləşdirir. Bu zamana qədər bizə yuxarıdan aşağı baxan İran artıq yeni geosiyasi reallıqda Azərbaycanla hesablaşmağın zərurətini anlayır, amma qısqanclığından və hikkəsindən dolayı bununla barışmaq istəmir. 

Dördüncü: İranı qəzəbli edən əsas amil, Azərbaycanda İrana məxsus casus şəbəkəsinin ifşa edilməsidir, fikir verirsinizsə, müharibədən öncə Azərbaycan dövləti bu prosesi həyata keçirdi. Bununla İranın Azərbaycanda təsir imkanları neytrallaşdı. Azərbaycanda qalan İranmeylli qüvvələr isə ictimai rəyə təsir etmək gücündə və potensialında deyillər, 

Beşinci: İran öz ərazisindəki azərbaycanlı amilindən çəkinir, müharibə dövründə məhz azərbaycanlılar İrandan Ermənistana silah daşınmalarının qarşısını almışdılar. Üstəgəl, türkçülüyün rəmzi sayılan bozqurd işarələrinin İranda qaldrılması da Tehranı narahat edir. 

Altıncı: Azərbaycan Gorus-Qafan yolundakı məlum məsələdən sonra İran üzərində iqtisadi rıçaq qazandı, Tehran isə niyyətindən əl çəkmir”. 


“Bakı diplomatik müstəvidə yeni cəbhə açacaq”

Siyasi şərhçi İran qərəzli siyasətini davam etdirərsə, Bakının ata biləcəyi addımları sadalayıb:
“İlham Əliyev Cəbrayıldan verdiyi mesajların xarakteri: 

1. Daxili işlərimə qarışma, 
2. Azərbaycan xarici siyasətini özü müəyyənləşdirir, 
3. Biz sənə xoş niyyət göstəririk, sən də düzgün mövqe sərgilə.

Bunlar olmayacağı təqdirdə, Bakı diplomatik müstəvidə yeni cəbhə açacaq, İranın ifşasına dair yeni-yeni məlumatlar tirajlanacaq. Prezident İlham Əliyev dedi ki, İran əvvəllər sərhəddə nələr etdiyinə baxsın və Azərbaycan tərəfindən bunun araşdırıldığını bəyan etdi”. 

Türkiyə ilə konfederasiyaya doğru...

İslam repsublikasının hərbi təhdidləri, diplomatik təzyiqləri davam edərsə, Azərbaycan yardım üçün NATO-ya müraciət edə bilərmi?

“Vəziyyət elə bir təhlükəli həddə çatmayıb, hələlik hər hansı hərbi konfrontasiyadan söhbət getmir. Olsa belə, Azərbaycanın adekvat cavab hüququ var. Bunun üçün NATO-ya müraciət etməyə ehtiyac yoxdur, Türkiyə Azərbaycanın müttəfiqidir və Şuşa Bəyannaməsi bu müttəfiqliyi hərbi ittifaq səviyyəsinə qədər gətirib çıxarıb. 

İran elə gücdə deyil ki, bizimlə müharibə etsin, müharibə üçün hərbi güclə yanaşı iqtisadi güc və müttəfiq də lazımdır. İranda isə o birilərinə nisbətdə hərbi güc öndədir, iqtisadi gücü sanksiyalarla ölü duruma gəlib, müttəfiqi isə yoxdur. Müttəfiq kimi baxdığı Ermənistanın isə özünə bir nəfəs verən lazımdır”. 

Baş verən hadisələri Azərbaycanla Türkiyə arasında konfederasiyanın qurulmasını gündəmə gətirə bilərmi?
Siyasi şərhçi bildirib ki, proseslərin buna doğru getdiyini söyləmək olar. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar