SON XƏBƏRLƏR

Güneyli millət vəkilindən Kirman nümayəndəsinə sərt cavab: "O, azərbaycanlılardan üzr istəməlidir"

2021.12.10, 13:25
Güneyli millət vəkilindən Kirman nümayəndəsinə sərt cavab: "O, azərbaycanlılardan üzr istəməlidir"

Gunaz.tv

O, İran Mis Şirkətinin büdcəsində əyalətin idman sahəsinə vəsait ayrılmasını istəyib. 

Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindən İran parlamentində olan millət vəkillərinin iştirakı ilə keçirilən toplantıda Vərziğan bölgəsinin Milli Mis Şirkətindən haqlı tələbləri müzakirə olunub.

Həmçinin adıçəkilən şirkətin mədən istismarına görə Vərziğana etməli olduğu ödənişləri yerinə yetirilməməsi ilə bağlı məsələdən danışıb.

“Onlar hər zaman olduğu kimi Azərbaycan xalqının, vərziğanlıların haqqını tapdalamağa alışıblar. 20 ildir Vərziğanda olan ehtiyatları istismar etmələrinə baxmayaraq, qanuni əsaslarla bölgəyə çatmalı olan haqqı ödəməkdən boyun qaçırırlar”-deyə, millət vəkili bildirib. 

O, Kirman əyalətinin Rəfsəncan şəhərinin İran parlamentindəki nümayəndəsi höccətülislam Hüseyn Cəlalinin “Traxtur” futbol komandasına yardım edilməməsi ilə bağlı çıxışına toxunub, onu tayfaçılıqda ittiham edib. 

“Rəfsəncan nümayəndəsi belə mövzulara toxunmaq əvəzinə Azərbaycan xalqı və məsullarından üzr istəməlidir. O, misi özünün malı bilir və buna tayfaçılıq təsəvvürü ilə yanaşır. Belə davranış azərbaycanlıların yüksək xarakterinə ziddir”-deyə, Dehqani kirmanlı nümayəndəni tənqid edib. 

Vərziğanın nümayəndəsi hal-hazırda Milli Mis Şirkətinin Kirman əyalətində olan 17 klub və komandanı maliyyələşdirməsinə diqqət çəkərək, “Traxtur” komandasına dəstək verilməməsini qəbuledilməz sayıb. 

“Biz bildirmişik ki, Milli Mis Şirkəti “Traxtur” komandasının malikiyyətini öhdəsinə götürüb və ondan himayə etməlidir.

Əgər onlar bizim haqqımızı ödəsələr bunu özümüz edə bilər, onların malikiyyətinə ehtiyac duymarıq”-deyə, Allahverdi Dehqani Milli Mis Şirkətinin azərbaycan mədənlərini taladığı halda sərvət yiyələri üçün heç nə ödəmək istəmədiyini qeyd edib. 

Bundan öncə başqa kirmmanlı nümayəndə Məhəmmədrza Puribrahiminin “Tyraxtur müflis komandadır və ona Milli Mis Şirkətindən ödəmə olmasına icazıə vermərik” bəyanatı azərbaycanlı millət vəkillərinin, o cümlədən Əhməd Əlirzabeygi, Hüseyn Hatəmi və Məsud Pezeşkiyanınm sərt reaksiyasına səbəb olub. 

Onlar Azərbaycan mədənləri hesabına başqa əyalətlərin, o cümlədən Kirmanın abadlaşdırıldığını, idman klubarının maliyyələşdirildiyini və “Traxtur” komandasına qarşı ögey münasibət bəslənildiyini demişdilər.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur.

Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar