SON XƏBƏRLƏR

Zəncanda məktəblərin 40 faizdən çoxu xeyriyyəçi soydaşlarımız tərəfindən tikilib

2021.10.20, 07:36
Zəncanda məktəblərin 40 faizdən çoxu xeyriyyəçi soydaşlarımız tərəfindən tikilib

Gunaz.tv

GünAz TV: Bundan əvvəl Güney Azərbaycanın bütün bölgələri, o cümlədən Zəncan Əyalətində dərs otaqlarının çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olduğu barədə dəfələrlə xəbər yayılıb.

 

Məlumata görə, problem Zəncan Əyalətində müəyyən qədər həllini tapıb. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən yeni məktəblərin sayəsində mümkün olub.

 

Bu barədə Zəncan Əyaləti Məktəblərinin Yenidənqurma və Təchiz etmə işləri üzrə Təşkilatın rəisi Cahangir Səfəri məlumat verib. O mövzu ilə bağlı Əbhərin Əmidabad məktəbinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasim zamanı mətbuata danışıb.

 

“Zəncan Əyalətində məktəblərin 40 faizdən çoxu yerli xeyriyyəçi şəxslər tərəfindən inşa edilib. Xeyriyyəçilər bu günədək 1500-dən çox dərs otağına malik olan 290 məktəb binası tikdirərək Təhsil Şöbəsinə təhvil veriblər”- deyə Cahangir Səfəri bildirib.

 

Təşkilat rəisinin sözlərinə görə, Zəncan valisinin iştirakı ilə istifadəyə verilən Əmidabad məktəbinin 6 dərs otağı var. Məktəbin inşa edilməsi üçün 1 milyard 300 milyon tümən vəsait xərclənib, bu məbləğin 1 milyardı xeyriyyəçi soydaşlarımız, 300 milyon tüməni isə Zəncan Əyaləti Məktəblərinin Yenidənqurma və Təchiz etmə işləri üzrə Təşkilat tərəfindən təmin olunub.

 

Son illərdə Güney Azərbaycan əyalətlərində təhsil ocaqlarının təmiri və yeni məktəblərin tikilməsi kimi əsas məsələlər demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək bu sahədə dövlət tərəfindən hər hansı büdcə vəsaiti gözləmədiklərini diqqətə çatdırıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar