SON XƏBƏRLƏR

Zərif Makronla görüşünü “müsbət” dəyərləndirib- FOTO

2021.10.20, 07:36
Zərif Makronla görüşünü “müsbət” dəyərləndirib- FOTO

Gunaz.tv

GünAz TV: Dünən Fransa prezidenti Emanuel Makronla görüşən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aparılan danışıqları “müsbət” və “yaxşı” adlandırıb.

 

O bildirib ki, aparılan müzakirələr Həsən Ruhani ilə Emanuel Makronun telefon əlaqələri zamanı danışdıqları məsələlər ətrafında baş tutub. Zərifin sözlərinə görə, müzakirələr əsasən Avropanın Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulmuş öhdəliklərinin həyata keçirilmə üsulları barədə olub.

 

 

Fransa Prezidenti bir müddət əvvəl rəsmi Vaşinqtonla Tehran arasındakı gərginlikləri azaltmaq istiqamətində təkliflərini irəli sürmək üçün G-7 toplantısından öncə iranlı rəsmilərlə görüşəcəyini bəyan etmişdi.

 

Hələlik Fransanın təkliflərinin detalları açıqlanmasa da, Zərif bildirib ki, Makronla İranın baxışları arasında “ortaq cəhətlər” mövcuddur.

 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatları Makronun bu təşəbbüsünü dəstəkləmir. Prezident Tramp bir müddət öncə məsələyə münasibətində bildirmişdi ki, heç kim ABŞ-ın yerinə İranla danışa bilməz.

 

Bu gün İran xarici işlər nazirinin öz fransalı həmkarı ilə görüşüb, nüvə öhdəlikləri barəsində müzakirələr aparacağı gözlənilir.

 

İran Avropa ölkələrinə müddət verərək, nüvə razılaşması çərçivəsində mənafeyinin təqdim edilmədiyi təqdirdə, öz öhdəliklərini azaltmaq istiqamətində “3-cü addım”a başlayacağını bəyan edib. Bu mərhələdə İranın hansı addımları atacağı bildirilməsə də, Milli Məclisin Nüvə Komitəsinin rəhbəri Məhəmməd İbrahim Rzayi də daxil olmaqla, bəzi rəsmilər qərarlardan birinin İR-8 və İR-6 santrifüjlarının işə salınması olacağını deyib.

 

Amerika Birləşmiş Ştatları rəsmi Tehranın bu təhdidlərinə cavab olaraq bildirir ki, İran nüvə razılaşmasının imzalandığı ilk günlərdən onu pozub və bu ölkəyə qarşı yürüdülən maksimum təzyiq siyasəti davam etdiriləcək.

 

Sanksiyalara baxmayaraq, Avropa İttifaqı İranla ticari əlaqələri davam etdirməyə səy göstərir. Bu istiqamətdə “İnstex” adlanan, barter üsuluna əsaslanan xüsusi maliyyə kanalı təsis edilsə də, o, hələ ki, əməli fəaliyyətə başlamayıb.

 

 

Bir çox iranlı rəsmilər neft qarşılığında İrana ərzaq məhsulları və digər təlabat malları verilməsini nəzərdə tutan bu kanalı “təhqir” adlandırmışdılar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar