SON XƏBƏRLƏR

Zərif: “Nüvə razılaşmasını hifz etmək üçün irəli sürülmüş təkliflər masa üzərindədir”

2021.10.20, 07:36
Zərif: “Nüvə razılaşmasını hifz etmək üçün irəli sürülmüş təkliflər masa üzərindədir”

Gunaz.tv

GünAz TV: Avqustun 22-də Norveçdə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Fransa tərəfindən Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması üçün irəli sürülmüş təkliflər masa üzərindədir.

 

Norveçin paytaxtı Oslo şəhərində yerləşən Beynəlxalq Məsələlər Mərkəzində “müharibə riski və körfəzin gələcəyi” mövzusunda çıxış edən Zərif ölkəsinin bu təkliflərin üzərində işlədiyini qeyd edib.

 

Zərif həmçinin Fransa Prezidenti Emmanuel Makronla danışıqların aparıldığını və İranın onun etdiyi təklifləri araşdırdığını bildirib.

 

Qeyd etmək lazımdır ki, Zərif bu gün Fransanın prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-İv Le Drian ilə görüşəcək.

 

Makron avqustun 20-də bildirmişdi ki, Tehranla Vaşinqton arasında mövcud olan gərginlikləri azaltmaq istiqamətində təkliflərini irəli sürmək üçün G-7 toplantısında iranlı rəsmilərlə görüşəcək.

 

Fransa son aylar ərzində ABŞ-la İran arasında vasitəçilik missiyası həyata keçirməyə çalışır. Lakin bir müddət öncə Donald Tramp Makronun bu cəhdlərini tənqid edərək, heç kimin ABŞ əvəzindən İranla danışıqlar aparmaq haqqının olmadığını demişdi.

 

Zərif çıxışı zamanı təklifin detallarından bəhs etməsə də, onun bu yaxınlarda Fransa tərəfindən irəli sürülmüş “dondurma qarşılığında dondurma” adlı paket olduğu düşünülür. Bu təkliflər paketinə əsasən, rəsmi Tehran uranın zənginləşdirilməsi ilə bağlı son qəbul etdiyi qərarların icrasını dayandırmalı, qarşılığında isə ABŞ müvəqqəti olaraq İrandan neft alan bəzi ölkələrə verdiyi istisna müddətini yenə uzatmalıdır.

 

İran Avropa ölkələrinə müddət verərək, nüvə razılaşması çərçivəsində mənafeyinin təqdim edilmədiyi təqdirdə, öz öhdəliklərini azaltmaq istiqamətində “3-cü addım”a başlayacağını bəyan edib. Bu mərhələdə İranın hansı addımları atacağı bildirilməsə də, Milli Məclisin Nüvə Komitəsinin rəhbəri Məhəmməd İbrahim Rzayi də daxil olmaqla, bəzi rəsmilər qərarlardan birinin İR-8 və İR-6 santrifüjlarının işə salınması olacağını deyib.

 

Amerika Birləşmiş Ştatları rəsmi Tehranın bu təhdidlərinə cavab olaraq bildirir ki, İran nüvə razılaşmasının imzalandığı ilk günlərdən onu pozub və bu ölkəyə qarşı yürüdülən maksimum təzyiq siyasəti davam etdiriləcək.

 

Digər tərəfdən, sanksiyaların halqası daraldıqca və İranın iqtisadi vəziyyəti hər ötən gün daha da ağırlaşdıqca, rəsmi Tehran bütün cəhdlərlə neft satışını davam etdirə bilmək üçün Amerikanın bu sektora tətbiq etdiyi embarqoları aradan qaldırmağına çalışır. Bir neçə gün öncə prezident Tramp bildirmişdi ki, İran rəsmiləri bizimlə danışıqlar aparmaq istəyirlər, lakin bunu necə başladacaqlarını bilmirlər. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar