SON XƏBƏRLƏR

Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib

2025.04.02, 15:30
Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib

Aprelin 2-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

Gunaz.tv

GünazTV "Report"a istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 110 nəfərdən ibarət 28 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Sarıcalı kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar