SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti: İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar var

2025.08.27, 11:39
Azərbaycan Prezidenti: İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar var

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar olduğunu hesab etdiyini bildirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, dövlət başçısı Prezident Əsədin hökuməti ilə Azərbaycanın 10 ildən çox heç bir münasibəti olmadığını vurğulayıb:

"Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanla qarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçün çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı bizə həmişə dəstək olmuşdur. Azərbaycan İslam həmrəyliyi prinsiplərinə yüksək dəyər verən ölkədir. Beləliklə, Azərbaycana qarşı Ermənistanla - məscidləri dağıdan, orada donuz və inək saxlayan ölkə ilə eyni cərgədə olmaq bizim üçün qəbuledilməz idi. Hər iki tərəf - Prezident Əsədin komandası və bizim komanda 10 ildən çox müddət ərzində bütün əlaqələri kəsdi".

İlham Əliyev Suriya xalqı üçün sülh istədiklərini söyləyib:

"Suriyada yeni hökumət iqtidara gəldikdə, Azərbaycan bunu böyük ruh yüksəkliyi ilə qarşıladı və sözsüz ki, dəstəklədi. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. Beləliklə, işlər başlayıb".

Dövlət başçısı həmçinin xatırladıb ki, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar Azərbaycanın vasitəçiliyilə baş tutub:

"Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz təxminən 100, 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar