SON XƏBƏRLƏR

Qərbdə “ağazadə”lərə qarşı etiraz dalğası: İran hakimiyyətinə bağlı şəxslərin övladlarının ABŞ-dan çıxarılması tələb olunur

2026.01.26, 14:40
Qərbdə “ağazadə”lərə qarşı etiraz dalğası: İran hakimiyyətinə bağlı şəxslərin övladlarının ABŞ-dan çıxarılması tələb olunur

Gunaz.tv

ABŞ-da Fatimə Ərdəşir Laricaninin universitetdən uzaqlaşdırılmasından sonra Qərbdə İran hakimiyyətinə bağlı şəxslərin övladlarına qarşı yeni etiraz dalğası başlayıb. İstifadəçilər ABŞ-da yaşayan və çalışan digər məmur övladlarının da ölkədən çıxarılmasını tələb edən kampaniyalar başladıb.

Məlumatlara görə, kampaniyanın əsas hədəflərindən biri İran hakimiyyətinin tanınmış simalarından olan Məsumə Ebtekarın oğlu İsa Haşimidir. O, Çikaqo Məktəbində dəvətli müəllim kimi fəaliyyət göstərib, Kaliforniya ştatının Los-Anceles kampusunda dərs deyib.

İsa Haşimi təşkilati liderlik və davranış iqtisadiyyatı sahəsində dərs deyir. Tənqidçilərin fikrincə, bu sahə onun ailəsinin İran hakimiyyətindəki siyasi fəaliyyəti ilə açıq ziddiyyət təşkil edir.

Məsumə Ebtekar 1979-cu ildən sonra İran hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən ABŞ səfirliyinin işğalında iştirak edib və sonrakı illərdə ətraf mühit qurumuna rəhbərlik edib, həmçinin prezidentin qadın və ailə məsələləri üzrə müavini olub.

İstifadəçilər bildirirlər ki, ABŞ səfirliyində girov götürülməsində iştirak etmiş bir şəxsin övladının ABŞ-da akademik fəaliyyət göstərməsi qəbuledilməzdir.

Eyni zamanda, İranın keçmiş prezidentinin qızı Leyla Xatəminin Nyu-Yorkdakı “Union” kollecindən uzaqlaşdırılması tələbi ilə də ayrıca kampaniya başladılıb. O, bu təhsil müəssisəsində riyaziyyat müəllimi kimi çalışır.

Kampaniya iştirakçıları vurğulayırlar ki, İran hakimiyyətinin insan haqlarını pozduğu, repressiyaları davam etdirdiyi bir şəraitdə məmur övladlarının Qərb ölkələrində rahat şəkildə yaşaması və işləməsi “etik ikili standart” və “siyasi imtiyaz” nümunəsidir və bu məsələyə ciddi şəkildə yenidən baxılmalıdır.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar