SON XƏBƏRLƏR

Zərğaminin təklifi sosial şəbəkələri güldürdü

2026.04.13, 22:46
Zərğaminin təklifi sosial şəbəkələri güldürdü

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə; İran ətrafında dəniz blokadasının başlanması fonunda keçmiş mədəni irs naziri və dövlət televiziyasının sabiq rəhbəri İzzətullah Zərğaminin açıqlaması sosial şəbəkələrdə geniş istehza ilə qarşılanıb.

Zərğami “X” hesabında yazıb: “Xarici gəmilər Hörmüz boğazında rüsum ödəmək üçün ‘Eita’ və ya ‘Bale’ tətbiqini quraşdırmalıdır.” Bu təklif bölgədəki gərgin vəziyyət fonunda istifadəçilər tərəfindən sürətlə lağ obyektinə çevrilib.

“Eita” və “Bale” İran daxilində fəaliyyət göstərən və hökumət strukturları ilə əlaqələndirilən mesajlaşma platformaları hesab olunur. Bu tətbiqlər uzun müddətdir istifadəçi məlumatlarının təhlükəsizliyi və nəzarət məsələlərinə görə tənqid olunur. “Bale” eyni zamanda maliyyə əməliyyatları üçün də istifadə edilir.

Sosial şəbəkə istifadəçiləri isə bu açıqlamaya kinayəli reaksiya verərək yazıblar: “Tam olsun deyə bir də dörd rükət məğrib və işa namazı əlavə edin!” Bu ifadə qısa müddətdə geniş yayılıb və gündəmin əsas mövzularından birinə çevrilib.

Digər istifadəçilər isə belə açıqlamaları mövcud reallıqdan uzaq yanaşma kimi qiymətləndirərək, hakimiyyət nümayəndələrinin ölkədəki böhranlı vəziyyətdən qopduğunu vurğulayıblar.

Bu reaksiyalar İranın hərbi və iqtisadi təzyiqlərlə üzləşdiyi bir vaxtda səslənir və ictimai narazılığın artdığını göstərir.

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar