SON XƏBƏRLƏR

Trampın Tehranda xarici rəsmi ilə telefon danışığı

2026.04.19, 12:18
Trampın Tehranda xarici rəsmi ilə telefon danışığı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; “Əl-Ərəbiyyə” mediası Pakistan mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, Pakistan ordusunun komandanı Asim Munirin Tehranda olduğu vaxt onunla birbaşa telefon danışığı aparıb; bu danışıq İran dosyesi ətrafında intensiv diplomatik proseslərin getdiyi bir dövrdə baş tutub.

Məlumata əsasən, bu telefon danışığı ABŞ administrasiyasının yüksək səviyyəli rəsmilərinin – vitse-prezidentin, dövlət katibinin, müdafiə nazirinin və maliyyə nazirinin iştirakı ilə həyata keçirilib və müzakirələrin əsas mövzuları “Hörmüz boğazının vəziyyəti” və “İranla mümkün razılaşmanın detalları” olub.

Bu əlaqə, Asim Munirin Tehrana üç günlük rəsmi səfərini başa vurduğu bir vaxtda baş verib. Pakistan ordusunun açıqlamasına görə, o, səfər çərçivəsində İranın yüksək vəzifəli şəxsləri, o cümlədən prezident, xarici işlər naziri, parlament sədri və hərbi rəhbərlərlə görüşərək Vaşinqtonun mesajlarını çatdırıb.

Müşahidəçilərin fikrincə, Trampın bu birbaşa əlaqəsi Vaşinqtonun İslamabad vasitəsilə qurulan kommunikasiya kanalına etimadının göstəricisidir; bu kanal davam edərsə, İranla ABŞ arasında mümkün razılaşmanın formalaşmasında mühüm rol oynaya bilər.

Bununla belə, danışığın dəqiq detalları açıqlanmayıb, lakin diqqətin Hörmüz boğazı və İranla mümkün razılaşmanın çərçivəsi üzərində cəmləndiyi bildirilir.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar