SON XƏBƏRLƏR

İran kənd təsərrüfatı çöküş yolunda; düyü və buğda böhranı dərinləşir

2026.05.10, 06:54
İran kənd təsərrüfatı çöküş yolunda; düyü və buğda böhranı dərinləşir

İran ərzaq böhranına sürüklənir. Buğda və düyü istehsalı kəskin azaldı.

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, İranda iqtisadi böhranın daha da ağırlaşdığı bir vaxtda kənd təsərrüfatı məhsullarının istehsalında ciddi azalma və rəsmi statistika ilə real vəziyyət arasındakı fərqlər diqqət mərkəzinə çevrilib.

İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri Qızılcə “ölkənin kənd təsərrüfatı ehtiyaclarının təxminən 85 faizinin daxildə istehsal olunduğunu” iddia etsə də, bir sıra ekspertlər və yerli media bu açıqlamaların reallığı əks etdirmədiyini bildirirlər.

“İLNA” agentliyinin kənd təsərrüfatı üzrə bir mütəxəssisə istinadən yaydığı məlumata görə, bəzi yerli rəsmilər istehsaldakı geriləməni və mövcud problemləri gizlətmək üçün “statistika saxtalaşdırılması” ilə məşğul olurlar. Hesabatda Gilan vilayətində çəltik əkin sahələri ilə bağlı rəsmi rəqəmlərlə real vəziyyət arasında ciddi fərqlərin olduğu vurğulanıb.

İqtisadi ekspert Dalğa Xatınoğlu isə İranın əsas kənd təsərrüfatı məhsullarının istehsalında son illərdə “azalma tendensiyası” müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə təxminən 17 milyon ton olduğu bildirilən buğda istehsalı ötən il 12.5 milyon tona düşüb və bu il bu rəqəmin 12 milyon tona qədər azalacağı ehtimal edilir.

Dalğa Xatınoğlu həmçinin bildirib ki, İranın düyü istehsalı 2024-cü ildəki 4 milyon 200 min tondan 2025-ci ildə təxminən 3 milyon 900 min tona enib. Qiymətləndirmələrə əsasən, ölkənin ümumi taxıl istehsalı da 26 milyon tondan təxminən 20 milyon tona qədər azalıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu prosesin davam etməsi İranın ərzaq təhlükəsizliyini ciddi böhranla üz-üzə qoya bilər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar