SON XƏBƏRLƏR

Göygöldə V Milli Yaylaq Festivalı başladı; Güney Azərbaycan və Qaşqay türkləri də iştirak edir - FOTO

2026.07.26, 13:05
Göygöldə V Milli Yaylaq Festivalı başladı; Güney Azərbaycan və Qaşqay türkləri də iştirak edir - FOTO

Göygöldə Türk dünyası bir araya gəldi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Azərbaycanın Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalı start götürüb. İyulun 24–26-sı tarixlərində keçirilən festival Türk dünyasının ortaq mədəni irsini yaşatmaq və tanıtmaq məqsədi daşıyır.

Festival Göygöl Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, TİKA, Dünya Etnospor Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və KAP.AZ MMC-nin birgə təşəbbüsü əsasında təşkil olunur.

Festival çərçivəsində xalçaçılıq sərgisi, sənətkarlıq guşələri, oxatma, atçılıq, zorxana, etnospor yarışları, aşıq musiqisi, folklor proqramları, milli rəqslər, kəndirbaz və alov şouları, “Yaylaq süfrəsi” və digər mədəni tədbirlər keçirilir. Festivalın ilk günündən etibarən “Xan Yurdu” etnoqəsəbəsinə minlərlə turistin axını müşahidə olunur. Rəsmi açılış mərasimi isə sabah keçiriləcək.

Festivalın ən diqqətçəkən məqamlarından biri Güney Azərbaycandan Təbriz türklərinin və Qaşqay yurdundan Şiraz qaşqay türklərinin tədbirdə iştirak etməsi olub. Türk dünyasının ayrılmaz hissələri olan Güney Azərbaycan və Qaşqay nümayəndələri festivalda bir araya gələrək ortaq mədəni irsin qorunması və Türk xalqları arasında həmrəyliyin gücləndirilməsi mesajını veriblər.

Qeyd edək ki, ötən il keçirilən IV Milli Yaylaq Festivalını 200 minə yaxın yerli və xarici qonaq ziyarət etmişdi. Bu göstərici festivalın Türk dünyasının ən böyük mədəni tədbirlərindən birinə çevrildiyini nümayiş etdirir.

 

GunAz TV
R.G

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar