SON XƏBƏRLƏR

Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında qanun qüvvəyə minib

2022.02.14, 05:00
Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında qanun qüvvəyə minib

Gunaz.tv

Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı qanun rəsmən qüvvəyə minib.

"2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edilib. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. 

Bu qanunun müddəalarını Prezident təsbit edir", - “Rəsmi Qəzet”də qeyd olunur.

Xatırladaq ki, fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıb.

Fevralın 12-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində

mühüm rol oynadığını vurğulayır, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir.

Eyni zamanda bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib.  (report.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar