ABŞ-la IRAN arasında müharibə və ya siyasi-iqtisadi əməkdaşlıq?

ABŞ-la IRAN arasında müharibə və ya siyasi-iqtisadi əməkdaşlıq?
ABŞ-la müharibə və ya siyasi-iqtisadi əməkdaşlıq? Hər iki halda İranın indiki fars-molla rejimi dəyişməlidir Vaşinqton Post: ""Tehran hökumətində ABŞ-la münasibətlərin qurulmasına dair mübahisələr gedir" Ötən həftənin sonu BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında jurnalistlərin suallarının cavablandıran xarici işlər naziri Mənuçöhr Müttəki İranla ABŞ arasında müəyyən diplomatik laqələrin qurulması barədə açıqlama verib. Üstəlik deyib ki, ABŞ İrana investisiya qoya bilər. Təbriz Quzeyli G8-lərin Yaponiyadakı zirvə toplantısına yola düşmədən öncə ABŞ prezidenti Corc Buş isə İranın mülki nüvə enerjisi proqramını inkişaf etdirməsinin əleyhinə olmadıqlarını, amma emal olunmuş uranın zənginləşdirilməsi məsələsində fars-molla rejiminə etibar etmədiyini bildirib. Corc Buşun əvvəlkilərdən fərqli, müəyyən qədər yumşalmış bəyanatı dünya mətbuatında maraqla qarşılanıb. Hər iki bəyanatın demək olar ki, eyni vaxtda səslənməsi ABŞ-İran münasibətlərində dəyişiklərin olması təsəvvürü yaradıb. Ötən həftə isə İran Milli Təhlükəsizlik Şurasının baş katibi və nüvə məsələləri üzrə baş müzakirəçi Səid Cəlili ilə AB-nin Ortaq Xarici Sİyasət və Təhlükəsizlik Şurasının nümayəndəsi Havyer Solona arasında danışıqlar aparılıb, hər ikisi "5+1"-in təklif etdiyi uranın zənginləşdirilməsinin dayandırılması əvəzində iqtisadi və siyasi əməkdaşlığı nəzərdə tutan təkliflər paketilə bağlı razılaşmanın əldə edildiyini açıqlayıb. İran və Avropa Birliyi arasında dialoq isə BMT baş katibi Pan Gi Munu həvəsləndirib. Baş katib Tehran və AB arasında nüvə məsləhətləşmələrini "cəsarətverici" sayıb. Amma "Vaşinqton Post" qəzetinin dünənki sayında maraqlı bir məqalə dərc olunub. Qəzetə müsahibə verən İran prezidentinin baş müşaviri Moctab Samare Haşimi bildirib ki, rəsmi Tehran İranda ABŞ-ın diplomatik iştirakının genişlənməsi haqda Vaşinqtonun ideyasının əleyhinədir. Bu ideyanı Ağ evin "təbliğati addımı" sayan baş müşavirə görə, ABŞ İranla əlaqələrini yaxşlaşdırmaq üçün qoşunlarını İraq ərzisindən çıxarmalıdır və razı olmalıdır ki, İranın öz ərazisində uranı zənginləşdirsin. Prezident Mahmud Əhmədinejadın ən yaxın dostu sayılan Moctab Samare Haşimi vurğulayıb ki, "ən əvvəl ABŞ öz davranışlarını dəyişdirməlidir, biz də baxaq görək sonra nə olur?". Onun sözlərinə görə, Tehranı raket zərbəsi endirmək hədələrilə qorxutmaq mümkün deyil: "İrana hücum etmək istəyən istənilən hökumətin qüvvələri təkcə bizim bölgəmizdə deyil, dünyanın istənilən yerində özünü təhlükəsizlikdə hiss etməyəcək". Bu bəyanat faktiki olaraq ABŞ-ı terrorçuluqla hədələməkdir. Xatırladaq ki, Vaşinqtonun hazırda İsveç səfirliyinin himayəsi altında fəaliyyət göstərən "maraqlar seksiyasında" işləmək üçün Tehrana öz diplomatlarını göndərmək niyyəti haqqında iyunun 23-də "Vaşinqton Post" qəzetinin özü məlumat verib. BMT-də bu plana münasibətini açıqlayan Mənüçöhr Müttəki bildirib ki, ABŞ dövlət departamenti əməkdaşlarının Tehranda işləməsinin əleyhinə olmadığını bəyanlayıb. Hazırda "maraqlar bölməsində" ABŞ vətəndaşı olmayan 20 nəfər işləyir. Onu da deyək ki, Pakistanın Vaşinqtondakı səfirliyində İranın "maraqlar seksiyası"nda 30-40 diplomat fəaliyyət göstərir. Hətta Mənuçöh Müttəki Tehran və Nyu York arasında birbaşa hava marşrutlarının bərpasını təklif edib. İndi isə meydana Moctab Samare Haşimi çıxıb. "Vaşinqton Post" yazır ki, İranın iki yüksək vəzifəli şəkxsinin bir birinə zidd bəyanatlar verməsi "Tehran hökumətində ABŞ-la münasibətlərin qurulub-qurulmamasına dair gedən mübahisələrin nəticəsidir". Srağagün isə İran hərbi qüvvələrinin Birləşmiş Qərargahının rəisi, general Həsən Firuzabadi bəyanlayıb ki, Tehran heç kəsə imkan verməyəcək ki, Hörmüz boğazından istifadə etsin: "Biz Fars körfəzində hasil olunan neftin 80 faizinin gəmilərlə nəql olunduğu Hörmüz boğazının açıq qalmasına çalışırıq. Əgər regionda İranın maraqları nəzərə alınmasa, biz Hörmüz boğazından kiminsə istifadə etməsinə imkan verməyəcəyik". Ötən həftənin ortalarında isə İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepahi-Pasdaran") baş komandanı Məhəmməd Əli Cəfəri bəyanlayıb ki, əgər təcavüzə məruz qalsalar, Fars körfəzi və Hörmüz boğazının nəzarətdə saxlamaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Körfəz sularında düşmən gəmilərinin hərəkətinin qarşısını almaq üçün hər cür silaha və canlı qüvvəyə malik olduqlarını bəyanlayan Əli Cəfəri hər hansı "ildırım sürətli müharibəyə" imkan verməyəcəklərini açıqlayıb. Bu günlərdə körfəz sularında Səudiyə Ərəbistanın 4 gəmisini saxlayan İran öz ayıq-sayıqlığını, əslində hərbi niyyətlərini nümayiş etdirib. Generalların hədələyici bəyanatları fonunda İran rəhbərliyində təmsil olunan şəxslərin də ABŞ-la əməkdaşlıqla bağlı bir-birinə zidd bəyanatlar verməsinin bir neçə səbəbi olduğunu düşünmək olar. Birincisi, bu "Vaşinqton Post"un iddia etdiyi kimi "Tehran hökumətində ABŞ-la münasibətlərə dair gedən mübahisələrin nəticəsidir". İran rəhbərliyində bir qrup İraqda 200 minə yaxın əsgər yerləşdirərək möhkəmlənən, İranla sərhəd boyu 4 hərbi baza tikən Birləşmiş Ştatların boş durmayacağını yəqin bilir. Üstəlik, Birləşmiş Ştatların Əfqanıstanda, Ərəb ölkələrindəki qoşunlarını nəzərə alsaq, zaman-zaman İran generallarının, prezidentinin, ali dini rəhbərinin Vaşinqtonu hədələyən bəyanatlarına qorxutmağın deyil, qorxmağın təzahürü kimi baxmaq lazımdır. Ən ciddi məsələlərdən biri budur ki, "düşməni məhv etmə" bəyanatları ABŞ, İsraildən çox İranın daxilinə yönəlib. "Xarici düşmən" İranın fars-molla rejiminə ölkədəki "daxili düşmənləri" məhv etmək və ya loyallaşdırmaq üçün gözəl fürsətdir. Bu milli azadlıq hərəkatlarını məhv etmək üçün bəhanədir. ABŞ faktoru olsa da, olmasa da hazırda İranın daxilində hakimiyyətdən kənar hər hansı siyasi qüvvənin hakimiyyət dəyişikliyi etməsi ehtimalı azdır. Amma ABŞ-ın güclənən təzyiqləri, iqtisadi sanksiyalar, dəfələrlə güclü hərbi hədələr İran rəhbərliyində ziddiyyətli mövqelər ortaya çıxarıb. Yəqin ki, fars-molla rejiminin yüksək dairələrində təmsil olunan böyük bir qrup 2-4 ildən sonra ABŞ-la hesablaşmanın zamanının gələcəyini düşünürlər. Ona görə də indidən ABŞ-la münasibətlərdə "ayaq yeri" qoymaq haqqında düşünürlər. Belə bəyanatlara əsaslanıb İran rəhbərliyindən təmsil olunan kimlərinsə çevriliş edəcəyini söyləmək çətindir. İkincisi, isə Birləşmiş Ştatlardakı prezident seçkilərilə əlaqədardır. Hazırda demokratların prezidentliyə namizədi Barak Obama ilə, respublikaçı namizəd Con Makkeynin şansları eyni qiymətləndirilir. Senator Con Makkeyn İrana qarşı sərt siyasətin tərəfdarıdır, hətta müharibənin başlanmasını, raket zərbələri endirilməsini vacib sayır. Barak Obama isə İranla, İraqla bağlı daha ehtiyatlı bəyanatlar verməkdədir. Ola bilsin ki, İran rəhbərliyi ziddiyyətli mövqelər ortaya qoymaqla ABŞ rəhbərliyinin, eləcə də gələcək prezidentin iki ölkə arasında əməkdaşlığın perspektivinə reaksiyasını öyrənməyə çalışırlar. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, ABŞ-la hər hansı formada siyasi, iqtisadi əməkdaşlığın genişlənməsi İranın indiki rejiminin sonunu gətirəcək. Qəribə bir mənzərə yaranır. ABŞ-la münasibətlərin müharibə etməklə tənzimlənməsi və ya ya siyasi, iqtisadi əməkdaşlığı genişləndirməklə qurulması, hər iki halda bir neçə il ərzində İranın indiki rejimi dəyişməlidir. Həm tarixi düşmənçilik, həm də fars-molla rejiminin teokratik mahiyyəti bunu labüd edir. ...Deyəsən, neftin qiymətinin belə çox artması hələlik ABŞ-a sərf edir. Bu qiymətlərin kəllə-çarxa qalması üçün isə hələlik İrana 5-6 raket zərbəsi kifayət edəcək. xalqcebhesi

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN