Çobanın oğlu Babək olmazdı... . Aysel Əlizadə

Çobanın oğlu Babək olmazdı... . Aysel Əlizadə
Çobanın oğlu Babək olmazdı... Bir millətin maariflənməsi, ruhunun, xarakterinin yetgin formalaşması üçün qaynaq olan, köklü, dolğun, mədəni irs yaradan necə dəhşətli adlarımız var. Özeyir Hacıbəyov məsələn. Erməninin yarım dənə Özeyiri olsa Qarabağa göz dikməz. Biz neyniyirik? Konservatoriyadan Özeyir bəyin adını yığışdırırıq. Nəsimi yekəliyində şairin adına bazar yaradıb hələ arsız-arsız it iyi verən, çirki axan lövhə də yazıb yapışdırırıq: "Nəsimi Bazarı." Guya kişiləşib Ermənikənd bazarının adını dəyişmişik. Erməni isə ad dəyişmir, iş görür. Parlamentdə yer adlarının dəyişdirilməsi ciddi mübahisələrə, müzakirələrə səbəb olur. Məsələn, bu yaxınlarda Salyanın Aydıngün kəndinin adını dəyişib Yeni Uluxanlı qoydular. Əslində bəlkə də tarixi fakt kimi yaxşıdır. Uluxanlıdan gələn azərbaycanlılar bu kənddə məskunlaşıblar. İndi də kəndə əcdadlarının yaşadığı yerin adı verilir. Bununla da rahat təskinlik tapırıq ki, hə, Uluxanlı nə vaxtsa Azərbaycanın olub. Kəndi verib, sonradan o kənddən bir dənə də düzəldib özünü aldatmaq milli ruhda problem yaşandığından xəbər vermir ki? Düzdür, bu, məsələn, Şuşanı, Zəngəzuru verib sonra yerinə restoran yaratmaqdan qat-qat qorxusuzdur, amma hər halda normal da deyil. Ziddiyyətlərlə dolu xarakter sahibiyik. Kamal Abdullanın bapbalaca kitabında yaxşı müqayisələrə də rast gəldim. O da milli qəribəliyimizdən yazır. Məsələn özümüzə Babək nəsli deyirik İslama sitayiş edirik. Novruzda ocaq yandırırıq, atəşpərəstliyi rədd edirik. Yadımda qalanlar bunlardır. Məni lap çox yandıran Universitetdən Məmməd Əminin adının götürülməsi, filosof şairimiz Nəsiminin adına mal-qara dərisi, kəllə-paça satılan bazarın olmasıdır. Bu lap utanc vericidir. Aqil müəllim, siz millət vəkilisiz. İmtiyazlarınız var. Þzünüz də millətçisiz. Nə olar parlamentdə bu məsələni də qaldırın. Qoy bazardan Nəsiminin adını yığışdırsınlar. Ayıbdır axı... Mənə qalsa bizim cəmiyyətdə ruhi xəstəlik hökm sürür. Şizofreniklər, psixopatlar, sadistlər, mazoxistlər, psixozlar, ən yüngül formada ağır nevrozlar var. Ruhi xəstələri isə ya birdəfəlik xəstəxanaya qapayıb həyatdan təcrid edirlər, ya da daim nəzarətdə saxlayaraq yalançı azadlıq verirlər. Amma heç vaxt onlara ciddi işlərə imza atmaq imkanı yaradılmır. Cəmiyyətimizi kənardan seyr edəndə anlayırsan ki, bu, əslində formal və yalançı azadlıqdır ki, arxasında kifayət qədər ciddi nəzarət dayanır.. Arabir arxayınlıq yaratmaq üçün müəyyən imkanlar verilir, hansısa sərbəst addıma şərait yaradılır, vəssalam. Bu şərait isə heç nəyi həll etmir və edə də bilməz. Bir az adam özünü də ruhi xəstə kimi hiss edir. Florendino deyib ki, bədbəxtliyini bilməyən adam bədbəxt sayılmır. Bir nəfər çoxluğun içində bədbəxtliyindən xəbərsiz yaşaya bilər. Amma bu boyda dünyada millət bədbəxtliyini bilməzsə onu diri-diri udarlar. Bu ruhi xəstəliyi ya müalicə etmək, ya süni yollarla məsələn, sosial darvinizm metodu ilə ələmək lazımdır. Yoxsa aram-aram olan qalanımız da itib gedəcək. Biz deyirik irsimiz var, kökümüz var, dahilərimiz var. Amma biz nə dediyimizi bilmirik. Kimlərdən danışdığımızı dərk etmirik. Rəhmətlik Azad Mirzəcanzadə onun haqda danışanda əsəbləşərdi. Ona dahi deyənlərə kəskin etiraz edərdi ki, dahi mən deyiləm, dahi Qara Qarayevdir. Azad müəllim bilirdi ki, ritorik natiqlər, tərifçilər Qara Qarayevin, Özeyir bəyin adında hansı çəkidə mədəniyyət yükü mövcud olduğunu dərk etmir. Və bilirdi ki, onların həqiqətdə Azad Mirzəcanzadə dahiliyini anlamamaq problemi hardan başlayır. Bu səbəbdən əslində sözaltı işarə edərdi: "Əvvəl Qara Qarayev, sonra mən." Biz kütləvi vərdişlərimiz, milli adətlərimizlə tariximiz arasında məntiqi parametrik əlaqə yarada bilmirik. Adətlərimiz başqa məntiq, tariximiz tamamilə başqa məntiq əks etdirir. Elə hey milli mənəvi dəyərlərimizdən danışırıq. Əlbəttə, Özeyir bəy, Mirzəcanzadə milli dəyərdir. Milli sərvətdir. Amma bu sərvət efir çayxanalarının konusu deyil. Bu sərvət millət üçün hansısa bəşəri məqsədi gerçəkləşdirmək üçün mübarizə alətidir. Varidatdır. Mirzəcanzadə millətin mədəniyyət, elm faktıdır. Amma bu ağırlıqda faktı ara söhbətlərinə xərcləmək olmaz. Əlləşib-vuruşub bir nəfər mütəfəkkirimizin adını dünya dahiləri siyahısına yazdırmalıyıq ən azı. Bu adların qoyduğu irs davam etdirilməlidir, şaxələnməlidir, yayılmalıdır. Þzümüzdən yeni mədəniyyət-zad yaratmağa ehtiyac yoxdur. Bizə miras qoyulan mədəniyyət doğru-dürüst mənimsənmədən, açması tapılmadan yeni nəsə yaratmağa iddialı olmaq nəyə xidmət edəcək ki? Hələ də Nəsiminin iki misrasını adam balası kimi çözə bilmirik. Yeni ədəbiyyat yaratmaq istəyirik. Əlbəttə, bu o demək deyil ki, zaman ritmini tutmaq lazım deyil, müasirlikdə axsamalıyıq, yox. Ancaq akademik forması olmayan heç nə mükəmməl alınmır. Rəssamlıqda realizm olmasaydı sürrealizm hardan yaranardı? Ən azı bu üslubların adı bir-birini davam etdirir. Modernizmdən qaynaqlanan postmodernizm deyilmi, həyatın real, təbii, akademik hadisələrini çılpaq, avanqard, dinamik dillə ifadə edən? Və əlbəttə, bu gün yaradan nəhəng istedadlar da mədəniyyət göstəricisi kimi davam edəcək növbəti reallığın mənbəyidir. Mədəniyyətin təməli varsa onun ardı da var. Biz niyə özümüzü ermənilərdən üstün sayırıq və əslində elədir də. Çünki onların mədəniyyətlərinin təməli yoxdur. Zorla gücənib, özlərini sıxıb bir şeylər yaratmağa çalışırlar. Ordan-burdan qamarlayıb özləri üçün nəsə düzüb-qoşurlar. Əslində onlar üzərlərində işləyirlər, zəhmətkeşdirlər, amma istedadlı deyillər. Mədəniyyətlərinin gələn yeri yoxdur. Biz isə tənbəl və istedadlıyıq. Gələn yerimiz var deyə davam yerimiz də yox- yox hardansa peyda olur. Milli dəyərləri önə çəkib gündəmdə saxlayanda bilmək lazımdır ki, bunu niyə edirsən. Məqsəd bəlli olmalıdır. Nədir məqsəd? Bu dəyərləri dünyaya tanıtmaqmı, avropalaşdırmaqmı, dünya tarixi kültürünə idiialı olmaqmı, Qarabağı geri qaytarmaqmı, nə? Sözü və əməli havaya atmaq heç nə qazandırmır. Məsələn, Mirzəcanzadə özü konkret planı həyata keçirmək üçün planlaşdırmanın düsturunu verərək onu 6 detala ayırıb: 1. Məqsəd 2. Hədəf 3. Ösul 4. Proqnoz 5. Qiymətləndirilmə 6. Nəticə Əvvəlcə məqsəd müəyyən olunmalıdır. Məsələn, məqsəd dünya musiqi mədəniyyətində tanınmaqdır. Sonra hədəf seçilməlidir. Hədəf nədir, kimdir? Hədəf Özeyir bəydir. Ösul seçilməlidir. Necə? Ən populyar saytlar, akademik musiqi bazarında marketinq işləri, dünya musiqi akademiyaları, yoxsa nə? Dövlət xətti ilə, yoxsa özəl sektorla və s. Ösulun real nəticəsi proqnozlaşdırılmalıdır. Bu üsul alınar, alınmaz? Və nəhayətdə qiymətləndirilməlidir. Qiymətləndirilmədən sonra nəticə ortaya çıxır. Əldə olunacaq uğur, mənfəət haqda düşünülməlidir. Nə qazanılır? Dahimizi, onunla birgə musiqi mədəniyyətimizi dünya tanıyır. İrs deyəndə bilməliyik ki, söhbət kimdən və nədən gedir. Xalqın "daş dövründə" dahisi olubsa o, mütləq irs qoyub. Bu, qan bağlılığı, genetik törəmə məsələsi deyil. Bu, istedad, mədəniyyət irsidir. Elə olmasaydı çobanın oğlu Babək, Babəkin oğlu çoban olmazdı... Aysel Əlizadə www.adalet-az.com

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN