Dini Komitə Məkarim Şirazinin fitvasını pisləyib

Dini Komitə Məkarim Şirazinin fitvasını pisləyib

GünAzTv: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda "şiə məscidlərinin dağıdılmasını" pisləyən bəyanatına münasibət bildirib.

Komitənin bəyanatında deyilir ki, "Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsi çox təəssüf doğurur".

İranda Ayətullah Məkarem-Şirazi Azərbaycan Respublikasında şiələrin məscidlərinin dağıdılmasına işarə edərək demişdi ki, əgər məscidlərin dağıdılması davam edərsə, müqavimət hökmü verəcək və bu yolda həlak olanları şəhid elan edəcək.

Komitə deyir ki "din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbuledilməzdir".

"Məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilmişdir. Bu qərarlara siyasi don geyindirmək yolverilməzdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur" - deyilir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında.

Komitə qeyd edir ki, "heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir".

Dövlət Komitəsi hesab edir ki, Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq "heç kimə başucalığı gətirməz".

"Mehr" xəbər agentliyinin verdiyi məlumata görə, Ayətullah Nasir Məkarem-Şirazi çərşənbə günü səhər Qum şəhəri Əzəm məscidində təşkil olunmuş əxlaq dərsi zamanı deyib: "Son zamanlar Azərbaycandan xəbərlər gəlir ki, hökumət şiələrin bir neçə məscidini dağıdıb və başqalarını da dağıtmaq niyyətindədir."

O, əlavə edərək deyib: "Biz öz müraciətimizi rəsmi formada Azərbaycan Respublikası hökumətinə elan etdik və ümid edirik ki, bu işdən əl çəksinlər."

Məkarem-Şirazi Azərbaycan Respublikasından olan bir qrup insanın bu haqda şəriət hökmünün verilməsini istədiyinə işarə edərək deyib: "Biz elə buradan aydın formada elan edirik ki, Azərbaycanda məscidlərin dağıdılması davam edərsə, müqavimət hökmü çıxaracaq və bu yolda həlak olan hər biş şəxsin şəhid olduğunu elan edəcəyik."

İranda tanınmış bu din alimi əlavə edib ki, "hələ ki, heç bir hökm verilməyib. Lakin heç bir dəyişiklik müşahidə etməsək, bunu edəcəyik."

Məkarem-Şirazi Azərbaycan xalqını qeyrətli və etiqadlı xalq adlandırıb.

O, deyib ki, bu müraciət Azərbaycana diplomatik yolla öz çatdırılıb.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN