Etnik problemlər Avropanı silkələməyə başlayıb

Etnik problemlər Avropanı silkələməyə başlayıb
Etnik problemlər Avropanı silkələməyə başlayıb "Belçikanın parçalanması Avropa Birliyində ciddi təlatümlərə gətirib çıxara bilər" Belçikada koalisiya hökumətinin istefaya getməsindən sonra mətbuatda və siyasi dairələrdə ölkənin parçalanması ilə bağlı müzakirələr gedir. Bəzi partiyalar valonlarla flamanların yollarının tamamən ayrıldığını, müstəqilliyin elanının vaxtının çatdığını bəyanlayırlar. Radikal sağ qanad Belçikanın xəritədən silinməsi şüarını səsləndirir, digər siyasi qüvvələr isə bu tələbə qarşı açıq şəkildə çıxa bilmir. Ramiz Mikayıloğlu Qeyd edək ki, Avropanın güclü dövlətlərinin 1830-cu ildə "bufer bölgə" kimi qurduğu, İngiltərədə yaşayan bir alman şahzadənin idarəçiliyinə verilən, Konqonu istila edərək zənginləşən Belçika hollan dilində danışan flamanlardan və faransızca danışan valonlardan ibarətdir. Ölkədə almanca danşan kiçik bir qrup da vardır. Əhalisinin 90 faizi fransızca danışan Brüssel "iki dilli bölgə" sayılır. Hazırda federal sistemi sarsılan ölkənin siyasi gündəmində iki və ya daha çox sayda müstəqil dövlətin bəzi sahələrdə işbirliyində olmalarını nəzərdə tutan konfederal sistemi yaradılması müzakirə olunur. Ekspertlərin bir qismi hesab edir ki, Belçikada parçalanma prosesinin belə aktuallaşmasına səbəb Kosova presedentidir. Qərb Serbiyanın bu vilayətinin müstəqilliyini tanımaqla etnik qrupları həvəsləndirib və artıq bu presedent Avropa ölkələrinin özünü ciddi təhlükə qarşısında qoyub. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Toğrul İsmayıl deyir ki, əslində Belçikada parçalanma meylləri Kosova məsələsindən də öncə özünü büruzə verib. Valonlarla flamanlar ayrı-ayrı qruplardır, dilləri tamamilə ayrıdır. Bu, həmişə Avropa Birliyini narahat edən ciddi məsələlərdən biri olub. Yeri gəlmişkən, bir zamanlar Qərbdə bir fikir səslənir və onu Azərbaycanda müdafiə edənlər də tapılırdı. Təklif olunudu ki, Qarabağ münaqişəsi dondurulsun, Azərbaycan və Ermənistan Avropa Birliyinə daxil olandan sonra bu ərazinin kimin nəzarətində olması heç bir önəm kəsb etməyəcək. Avropa Birliyinin tərkibində olan Belçikada parçalanma məsələsinin gündəmə gəlməsi göstərir ki, həmin təklif tamamilə əsassız və Azərbaycanı işğalın nəticələrinə sakit yanaşmağa sövq etməyə hesablanmış taktikanın tərkib hissəsi olub. Toğrul Hacıyev dedi ki, etnik məsələlər, o cümlədən erməni iddiaları bitən deyil. Faktiki Azərbaycan torpaqları hesabına erməni dövləti yaradırlar. Ona görə də Avropa Birliyinə, yaxud başqa bir quruma daxil olsaq da, etnik münaqişə həllini tapmır. Etnik münaqişələrin həlli dövlətin qüdrətli olmasından keçir. Tutaq ki, Osmanlı dövləti nə qədər qüdrətli, əzəmətli olub, bu dövlətin nəinki müsəlman, heç xristian əhali də narazılıq etməyib. Elə ki, imperiya zəifləməyə başlayıb, birinci növbədə müsəlman ərəb "qardaşları" türkləri arxadan vurublar. Daha sonra Balkanlarda etnik məsələ çıxıb, sonra da Anadoluda xarici qüvvələrin dəstəyilə ermənilər Osmanlını içəridən parçalamaq üçün əllərindən gələni etməyə çalışıblar: "Etnik münaqişənin həlli birinci növbədə dövlətin siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli olmasından irəli gəlir. Vətəndaşı zəngin olan dövlət qüdrətlidir. Belçika əslində elə də qüdrətli dövlət deyil. Avropa Birlyiində hazırda iqtisadi böhran hökm sürür, Belçikada həm də lokal millətçilik adlanan bir axın da var. Bu, etnik fikirlərin önə çıxması, bəzi iqtisadi, sosial problemlərin da etnik müstəviyə daşınmasından irəli gələn çarpışmadır". Ekspertə görə, Belçikada baş verənlərdə Avropa Birliyinin nüfuzlu dövlətlərinin rolunun olduğunu düşünmək çətindir. Çünki Belçikada parçalanma prosesi davam edərsə, bu, Avropadakı bir çox dövlətlərə sirayət edə bilər. Məsələn, İspaniyada güclü Bask hərəkatı, Fransada normandlar, korsikalılar var. İngiltərə də ciddi etnik problemlərlə üzləşə bilər: "Düşünmək olmaz ki, Belçikada baş verənlər Avropaya təsir göstərməyəcək. Ona görə də zənn etmirəm ki, Avropadakı böyük dövlətlər Belçikanın parçalanmasında maraqlı olsunlar". Proseslərin gələcək inkişafına gəlincə, Toğrul İsmayıl bildirdi ki, son yüz ildə etnik zəmində milli dövlətlər yaranmaqdadır. Fransa burja inqilabından sonra meydana gələn "milli dövlət" anlayışı yayılır. Hazırda qloballaşmadan daha çox danışılsa da, əslində qloballaşma başqa bir təhlükəni də özüylə gətirir: "Qloballaşma özünü böyük dövlətlərin kiçik dövlətlərin üzərində basqısı kimi göstərdiyi kimi paralel olaraq bu prosesə qarşı lokal millətçiliyin, vətənpərvərliyin də güclənməsinə gətirib çıxarır. Mən Belçikadadakı proseslərin Avropa Birliyi çərçivəsində davam edəcəyini, amma səngiməyəcəyini düşünürəm. Böyük ehtimalla, proses daha da güclənəcək. Çünki Avropa Birliyində hazırda iqtisadi böhran hökm sürür. İqtisadi böhran da bu prosesin daha da güclənməsinə gətirib çıxara bilər. Amma qısa zaman kəsimində yüz faiz Belçikanın parçalanacağını proqnoz vermək də düzgün olmazdı. Belçikanın parçalanması Avropa Birliyi içərisində ciddi təlatümlərə gətirib çıxara bilər. Buna görə avropalılar bu məsələnin maksimum sakit həll olunmasına çalışacaqlar. Yeri gəlmişkən, buna bənzər bir halda Çexiya və Slovakiya, Serbiyayla Makedoniya çox rahat ayrıldılar. Ona görə də burada ehtimallar müxtəlifdir. Amma prosesin səngiyəcəyini düşünmürəm. Çünki parlamentdə ayrılmaq istəyən qüvvələr çoxluq təşkil edir, bələdiyyələr onların nəzarətindədir". xalqcebhesi

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN