Məhəmməd Əmin Rəsulzadənin məqalələr toplusu işıq üzü görüb

Məhəmməd Əmin Rəsulzadənin məqalələr toplusu işıq üzü görüb
"Millətin birliyini və bütünlüyünü qorumaq milli əxlaqın başlıca şərtidir" Məhəmməd Əmin Rəsulzadənin məqalələr toplusundan ibarət yenicə çıxmış "Milli Birlik" adlı kitabın tərtibçisi və elmi redaktoru Yadigar Türkel, ərəb dili məsləhətçisi isə Əmir Teymuroğludur. Kitabın ilk səhifəsində toplunun Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) 91-ci ildönümünə ərməğan olduğu vurğulanır. Kitab M.Ə.Rəsulzadənin bu sözlərilə açılır: "Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə ki, onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan Türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda - Ya qazi, ya da şəhid olacaqsan!" - sözlərilə açılır. Kitaba Y.Türkel "Azərbaycanın səsi" adlı ön söz yazıb. O, M.Ə.Rəsulzadəni "Azərbaycan türklərinin 20-ci yüzillikdə yetişdirdiyi ən böyük dövlət qurucusu və milli ideoloqu" adlandırır: "O, 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətini elan edən Azərbaycan Milli Şurasının sədri,Milli Azadlıq Hərəkatının öncülü idi. M.Ə.Rəsulzadə arxadaşları ilə yüz il çar Rusiyasının əsarətində qalıb var-yoxu talanmış "Tarixi-coğrafi Azərbaycan"ın quzeyində Azərbaycan Cümhuriyyətini quraraq milli kimliyi dolaşdırılmış Azərbaycan Türklərini 20-ci yüzillikdə ilk dəfə siyasi millət halına gətirib. M.Ə.Rəsulzadə deyirdi: "Azərbaycan Milli Şurası "İstiqlal Bəyannaməsi"ni elan etməklə sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir". Məhəmməd Əmin gənc yaşlarından tükənməz bir sevgi ilə "Azərbaycan davası"na qalxmış və son nəfəsinədək andına bağlı qalmışdı. O, deyirdi: "Rusiya idarəsindəki müsəlmanlara "türk" dedirtmək qazanılmış bir davadır. Yalnız türk kəlməsi yox, Azərbaycan adı da qazanılmışdır". Y.Türkel daha sonra vurğulayır ki, Azərbaycan Xalq Cümhuriyyətində "Türkçülük, Vətənçilik, Milli Dövlətçilik, Xalqçılıq, Cümhuriyyətçilik" siyasi millətçilik - Azərbaycançılıq səviyyəsinə qaldırılmışdı. M.Ə.Rəsulzadə 1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyyəti parlamentinin 2-ci iclasında demişdi: "Bizim yaxın məqsədlərimizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər... Artıq gərək sağlar, gərəksə də sollar Azərbaycanı inkar deyil,var qənaətlərilə isbat edirlər". Y.Türkel bu qənaətə gəlir ki, Azərbaycanın millətçi, dövlətçi, Azərbaycançı aydınları Azərbaycan Cümhuriyyətinin 23 aylıq qısa dönəmində millət üçün onillərlə də edilməsi çətin olan böyük siyasi-ideoloji, iqtisadi, milli-mənəvi işlər görmüşlər: "M.Ə.Rəsulzadə Türkiyədə və Avropada açdığı qəzet və jurnallarda yazdığı siyasi məqalələri, çap etdirdiyi dəyərli kitabları ilə "Azərbaycan davası"nı davam etdirmiş, millətinə düzgün ideoloji yol göstərməyə çalışmışdı. "Mühacirət həyatının çəkilməz şərtləri içərisində" etdiyi bu davanın genişliyi heyrətləndirici olub, bugünkü millətçi, dövlətçi, Azərbaycançı gənclərə örnəkdir". Azərbaycan Kültür Dərnəyi Mərkəzi Yönətim Qurulu tərəfindən kitabın Türkiyə türkcəsində 6 mart 1978-ci il tarixli ön sözündə isə deyilir: "İlk kitab Rəsulzadənin çeşidli qəzet və dərgilərdə yayımlanmış ideoloji məqalələrinin bir qismini qapsamaqdadır. Dərgi və qəzet səhifələri arasından çıxarılaraq yayımlanan bu əsər türk milliyyətçiliyinə könül verən hər kəsə yol göstərəcək, işıq tutacaq. Bundan şübhəmiz yoxdur. Adını bir məqaləsindən alan "Milli Birlik"i Rəsulzadənin digər əsərləri də təqib edəcək". Feyzi Ağüzüm tərəfindən yazılmış "Məhəmməd Əmin Rəsulzadə" adlı yazıda Rəsulzadənin həyatı və fəaliyyəti barədə bilgi verilir, əsərlərinin adları və yazılma tarixləri sadalanır. "Milli Tənasüd" məqaləsində Rəsulzadə yazır: "Madam ki, milliyyətçiyik, deyirik: madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə və nə də kommunizmə təhəmmül (yönəlmə) caiz (düzgün) sayıla bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli tənasüd sistemidir". "Millət olmaq əzmi", "Millətçilik-patriotizm" yazılarında millətlə bağlı fikirlərini çatdırır: "Etnik milliyyətçilik və coğrafi vətən sevgisi bir topluluğun yaşadığı yerlərə: dağlara, dərələrə, yayla və ovalıqlara, dəniz və çöllərə qarşı duyulan bir ilgidən ibarətdir. Halbuki bir millətçi üçün vətən, sadəcə, maddi ünsürlərlə hüdudlanmaz. Milliyyətdə siyasi şüur güdən millətçi vətəndə də mənəvi bir öz, bir ruh arar. Onun üçün Vətən maddi deyil, mənəvi bir varlıqdır... Bir millətçi hər şeydən əvvəl istiqlal davasında olan bir vətənçi - patriotdur". "Milli Birlik" yazısında isə fikirlərini inkişaf etdirərək yazır: "Millətçilik fikri ən təbii, ən mədəni, ən irəli bir fikirdir. Elm və kültürün gəlişməsini və yayılmasını əngəlləmək böylə dursun, bu gəlişmə və yayılmanın ən təsirli və qüvvətli amilidir. Həm də insanlıq kültürünün ən təbii və ən normal inkişaf yoludur". M.Ə.Rəsulzadə "Milli əxlaq" yazısında milli əxlaqı millətə tükənməz sevgi ilə bağlayır: "Hər şey millət uğruna - bax, həqiqi millətsevərlərin yeganə şüarı bu olmalıdır. Millətin birliyini və bütünlüyünü qorumaq milli əxlaqın başlıca ümdəsidir. Türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət milli əxlaqın ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və zəruri şərti olaraq düşmən və işğalçı hər hankı bir qüvvətlə milli istiqlal bəhsində açıq və ya qapalı heç bir bazarlıq edə bilməz. Verilən sözə və yapılan sərbəst anlaşmalara riayət milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü, demokratiyanı qoruma və savunma, zülmə və təcavüzə qarşı aydın bir cəbhə alma milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma milli əxlaqın beşinci ümdəsidir". Elçin Qaliboğlu

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN