"Nabucco" niyə bahalaşır?

Xəzər və Orta Asiya regionundandan Avropa Birliyinə təbii qazın nəql olunmasını nəzərdə tutan "Nabucco" layihəsinin reallaşdırılması üçün 7,9 milyard avro gərəkdir. Rusiyadan yan keçmək şərtilə inşa ediləcək boru kəməri layihəsindəki şirkətlər konsorsiumu əvvəl hesab edirdi ki, marşrut 4,6 milyard avroya başa gələcək. Rusiyanın "Qazprom" şirkətinin reallaşdırmağa çalışdığı "Cənub axını" layihəsinin rəqibi olan "Nabucco" ilə bağlı xərclərin artımı dünya bazarında xam neftin bahalaşması ilə bağlıdır. Konsorsiumun icraçı direktoru Raynhard Mitçek "The Financial Times" bildirib ki, neftin bahalaşması boru kəmərinin inşası üçün gərəkli olan bütün resursların, o cümlədən poladın qiymətlərinin artmasına səbəb olub. "Nabucco" Avropa Birliyinin təbii qaz təminatı mənbələrinin diversifikasiyası, yəni sayının artırılması və "Qazprom"dan asılılığının azaldılması üçün nəzərdə tutulub. İlkin olaraq kəmərlə qazın artıq 2011-ci ildə nəql olunacağı deyilirdisə də, kəmərin indi 2013-cü ildə hazır ola biləcəyi vurğulanır. Rəsmi Moskva dəfələrlə bildirib ki, Qara dənizin dibi ilə çəkilərək Rusiyanı Balkan yarımadası və İtaliya ilə birləşdirəcək "Cənub axını" layihəsi daha ucuz, əlverişlidir. Bundan başqa, Xəzəryanı dövlətlər eyni vaxtda "Nabucco" və "Cənub Axını" kəmərlərini təbii qazla doldurmaq üçün yetərincə resurs tapmaya da bilərlər. Bu baxımdan "Qazprom"un üstünlüyü var: Rusiyanın Türkmənistan və regiondakı digər dövlətlərlə uzunmüddətli anlaşmaları mövcuddur. Rusiyanın sabiq prezidenti və indiki baş naziri Vladimir Putin bildirib ki, "Cənub axını" ilə rəqabət aparmağa "Nabucco"nun praktiki olaraq heç bir şansı yoxdur. "Əgər kimsə yeri qazaraq eşələnmək və ora borular qismində dəmir basdırmaq istəyirsə, buyursun - biz etiraz etmirik", - Putin deyib. ARDNŞ isə "Nabucco"nun bahalaşmasının layihə ilə bağlı işlərə ciddi təsir göstərməyəcəyini bildirib. "Bahalaşma labüd və əslində, nə qədər qəribə də olsa, normal prosesdir. Dünya bazarında ərzaq məhsullarından tutmuş, metallar və enerжidaşıyıcılarınadək bahalaşma müşahidə olunursa, layihənin əvvəlki smetada qalması mümkün deyildi", - Dövlət Neft Şirkəti yetkililəri "Ekspress"ə bildirdilər. Azərbaycan Müstəqil İqtisadi Tədqiqatlar Assosiasiyasının eksperti Müslüm Səlimov da bahalaşmanın labüd, fövqəladə sayılmayası proses hesab edir. "Hər halda layihə bahalaşırsa da, dünya bazarlarında təbii qazın qiyməti də yerində saymır. Buna görə də "Nabucco"nun inşaatı ilə bağlı qiymətlərin artımı bu marşrutla Xəzər və Orta Asiya bölgəsinin "mavi yanacaq"ının Avropaya nəqlinin effektivliyini azaldan deyil", - M.Səlimov söylədi. Xatırladaq ki, uzunluğu 3300 km olan, Azərbaycandan da keçəcək "Nabucco" boru kəməri Türkmənistan, Azərbaycan və Qazaxıstanın təbii qazını Türkiyəyə, oradan da Avstriyaya nəql edəcək. İldə 31 milyard kubmetr "mavi yanacaq" nəqlinə hesablanmış kəmərin inşaatına 2009-cu ildə başlanmalı, tikinti işləri 2012-ci ildə başa çatmalıdır. "Nabucco" ilə bağlı yaradılmış konsorsiuma Avstriyanın OMV, Macarıstanın MOL, Rumıniyanın "Transgaz", Bolqarıstanın "Bulgargaz Holding", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləri daxildir. Humay

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN