RUSİYADA XƏZƏR ENERJİ FORUMU KEÇİRİLDİ

RUSİYADA XƏZƏR ENERJİ FORUMU KEÇİRİLDİ
RUSİYADA XƏZƏR ENERJİ FORUMU KEÇİRİLDİ Moskva dənizin dibindən kəmərlər çəkilməsinə qarşı çıxdı Dünən Moskvada Xəzər enerji forumu keçirilib. Rusiyanın bir sıra nazirliklərinin patronajı altında keçirilən bu tədbirin əsas məqsədi Xəzərdə enerji təhlükəsizliyi və beynəlxalq enerji əməkdaşlığı haqda fikir mübadiləsi aparmaq olub. Forumda Xəzərdəki siyasi-hüquqi vəziyyət, enerjidaşıyıcıların marşrutları haqda söhbət açılıb və açıq bildirilib ki, bəzi məqamlarda Xəzəryanı ölkələrin fikirləri üst-üstə düşmür. Forumda bildirilib ki, Xəzər hövzəsində neft və qazın hasilatı ildən-ilə sürətlə artmaqdadır və bu bölgə getdikçə dünyanın ən aparıcı enerji anbarlarından birinə çevrilir. Bu baxımdan bölgədəki enerji siyasəti, təhlükəsizlik məqamları və karbohidrogen ehtiyyatlarının daşınma yolları məsələsi xüsusi əhəmiyyət alır. Xəzərin statusu üzrə danışıqlarda Rusiyanın rəsmi təmsilçisi Aleksandr Qolovin öz çıxışında xüsusi olaraq nəql marşrutlarına toxunaraq Rusiyanın yanaşmasını belə açıb: “Burada əməkdaşlıq ilk növbədə iqtisadi məqsədəuyğunluğa söykənməlidir, geosiyasi maraqlara, kimisə yan keçmək məqsədlərinə söykənməməlidir. İkincisi, artıq mövcud boru kəmərləri sistemindən maksimal şəkildə istifadə etmək lazımdır, onların inkişafı yeni kəmərlərin tikilişindən ucuz başa gələcək. Üçüncüsü, yeni kəmərlərin tikilişi hərtərəfli iqtisadi hesablamaya və ekoloji və təhlükəsizlik məqamlarının nəzərə alınmasına söykənməlidir ”. Qolovin bir daha bəyan edib ki, Xəzər seysmik zonadır və məhz ekoloji səbəbdən onun dibindən neft və qaz kəmərləri çəkmək olmaz. Forumda Azərbaycanı təmsil edən sənaye və enerji nazirliyinin rəsmisi Akif Əfəndiyev Rusiyanın ekoloji məqamı vurğulamasını siyasi maraqlarla izah edib: “Bu, siyasi məsələdi, hər kəs öz fikriylə yanaşır. Bu gün Xəzərin dibiylə Türkmənistan qazının Azərbaycana çatdırılması məsələsi müzakirə edilir, düzdür, bu, gələcəyin işidir, ancaq əsas fikir budur ki, qaz kəməri Xəzərin dibiylə Bakı-Tiflis-Ərzurum xəttinə qoşulsun və ordan qaz Avropaya çatdırılsın”. Mümkün transxəzər kəmərlərinə Astananın yanaşmasını Qazaxıstanın enerji nazirinin müavini Ləzat Kiinov belə təsvir edib: “Neft kəməri neftin ucuz nəql variantıdır. Hələlik Xəzəryanı ölkələr bu məsələylə bağlı bir razılığa gəlməyiblər, ona görə də, biz tələsmək istəmirik. Biz qərara gəlmişik ki, nefti tankerlərlə Bakıya daşıyaq və oradan onu Bakı-Tiflis-Ceyhan xəttiylə nəql edək. Hesablamalarımıza görə, tankerlərlə biz ildə 25 milyon ton nəql edə bilərik. Ümid edirik ki, transxəzər neft kəməriylə bağlı razılığa gələcəyik, məsələ gündəlikdədir. Qaz kəmərinə qaldıqda isə biz yenə də tələsmirik, açığı, Qazaxıstanın qaz ehtiyatları o qədər də çox deyil, əlimizdə olan qazı isə Rusiya vasitəsiylə Orta Asiya - Mərkəz sistemiylə nəql edəcəyik”. Qazaxıstan nümayəndəsi bildirib ki, onun ölkəsinin neft hasilatı artır və ona görə də, Astana maksimum çox nəql yollarında maraqlıdır. Siyasət şöbəsi musavat

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN