Şərqi Azərbaycan valisi: Bəziləri müqavimət iqtisadiyyatı adı ilə yatırımçıların Azərbaycana gəlməsinə mane oldular

Şərqi Azərbaycan valisi: Bəziləri müqavimət iqtisadiyyatı adı ilə yatırımçıların Azərbaycana gəlməsinə mane oldular
GünAz TV: “Bəziləri müqavimət iqtisadiyyatı adı ilə müəyyən yerlərə müraciət edərək xarici yatırımçıların bölgəyə gəlməsinə mane oldular”. Bu barədə Şərqi Azərbaycan valisi oktyabrın 26-da Şərqi Azərbaycan Müqavimət İqtisadiyyatı Mərkəzinin keçirdiyi tədbirdə danışıb.

İsmail Cabbarzadə dövlətin Azərbaycan vilayətlərinə qarşı ayrı-seçkilik siyasətini dilə gətirmədən önəmli məsələlərə toxunub. “Dövlətin ayırdığı büdcə Şərqi Azərbaycan vilayəti və həmçinin ölkənin ehtiyaclarını ödəyəcək iqtidarında deyil. Sənaye, kənd təsərrüfatı və ümumi xidmətlər sahəsində inkişaf etmək üçün xarici yatırımçıları bölgəyə cəlb etmək lazımdır. Biz Şərqi Azərbaycan vilayəti üçün 3 milyard dollarlıq xarici yatırım nəzərdə tutmuşduq, lakin bəzi Nazirliklər buna imkan vermədi. Enerji stansiyası və yol sahəsi üçün xarici yatırımçılar cəlb olunmuşdur, lakin Enerji və Yol Nazirlikləri onlara dəstək vermədiyi üçün, yatırımçılar fikirlərindən daşındılar”- deyə vali qeyd edib.

O əlavə edib ki, “Biz enerji stansiyası sahəsində xarici yatırımçılarla razılaşdıq. Onlar həm də bu sahədə bizə elmi-texniki yardım edəcəkdilər. İranda heç bir podratçı (peymankar) o keyfiyyətdə iş təhvil verə bilməz. Hazırda daxili stansiyaların səmərəliyi 30% olduğu halda, xarici yatırımçılar bizə 60% səmərəlilik sözü vermişdilər.”

İ.Cabbarzadə sözlərinin sonunda müqavimət iqtisadiyyatı adı ilə xarici yatırımçılara mane olanları sərt şəkildə qınayıb. “Vilayətin inkişafının qarşısında dayanmaq böyük günahdır. Bu, 4 milyon Şərqi Azərbaycan əhalisinə zülm və xəyanətdir. Onlar əhaliyə qarşı insafsızlıq edir”- deyə vali vurğulayıb.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN