Tufan Kərim: İranda hazırda Konfliktdə olan qüvvələrin heç biri Güney Azərbaycan türklərinin maraqlarını əks etdirmir (MÜSAHİBƏ)

Tufan Kərim: İranda hazırda Konfliktdə olan qüvvələrin heç biri Güney Azərbaycan türklərinin maraqlarını əks etdirmir (MÜSAHİBƏ)
Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının başqanı Tufan Kərim Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətlərini, son vaxtlar Şimali Qafqazda cərəyan edən hadisələr və s, bu yöndə ünvanladığımız sualları GÜNAZ.TV Mətbuat Xidmətinə cavablandırır. - Tufan bəy, Rusiya-Azərbaycan münasibətlərində son illər inkişaf tendensiyası hiss olunur. Məsələn, Azərbaycan qazının Rusiya satılması, bu günlərdə iki ölkə arasında humanitar forumun keçirilməsi, RF prezident administrasiyasının rəhbəri Sergey Narışkinin Bakıya səfər etməsi... Partiya başqanı olaraq bu əlaqələri dəyərləndirmənizi istərdik: - Rusiya Azərbaycanın geopolitik durumuna böyük təsir gücünə malik ölkə, keçmiş metropoliyadır. Qafqaz, eləcə də, Güney Qafqaz yüzilliklər boyu Rusiyanın marağı və təsiri dairəsində olmuş bölgədir. Hal-hazırda da Rusiya bölgədə təsirini və nəzarətini saxlamağa, bəzi itirilmiş hallarda onu bərpa etməyə çalışır. Bölgə uğrunda rus imperializmi ilə Qərb imperializmi arasında nüfuz və təsir savaşı davam etməkdədir. Bu savaş siyasi diplomatik eləcədə iqtisadi müstəvilərdə davam etməkdədir. Rusiyanın Güney Qafqazın ən güclü dövləti olan Azərbaycanla bağlı kifayət qədər maraqları mövcuddur. Həm Rusiya, həm də Azərbaycan qarşılıqlı münasibətlərlə maraqlarını təmin etməyə çalışırlar. - Rusiyanın maraqlarını təsnifatı belədir; Azərbaycanı özünün siyasi və iqtisadi təsirində saxlamaq, bunun üçün Azərbaycanla siyasi və iqtisadi ilişkiləri dərinləşdirmək, Azərbaycanın Qərblə inteqrasiyasının qarşısını almaq yaxud da prosesi zəiflətmək, Azərbaycanda iqtisadi sahədə kifayət qədər mövcud olan Qərbin ən azı burada hərbi mövcudluğunun qarşısinı almaq, yəni Azərbaycanın NATO hərbi ittifaqına daxil olmasını, eləcədə Qərbin, xüsusən ABŞ-ın Azərbaycanda hər hansı şəkildə hərbi bazalarının yerləşdirilməsini önləmək, Xəzər regionundan Qərbə nəql olunan enerji resurslarının marşurutlarını nəzarətə götürmək, həmçinin, starateji müttəfiqi sayıla biləcək İranla ən yaxın quru yolunu açıq saxlamaqdır. Rusiya Azərbaycan qazını alarkən daha çox siyasi məqsəd güdür. - Azərbaycanın da Rusiya ilə qarşılıqlı münasibətlərdə həyati əhəmiyyət daşıyan maraqları var. Rusiya tərəfindən ola biləcək ziyanlı təsirlərin qarşısının alınması, mümkün olan həddə, Rusiya ilə qarşılıqlı maraqları təmin edə biləcək bərabər hüquqlu səmimi əməkdaşlığa əsaslanan dost münasibətlərin qurulması Azərbaycanın marağındadır. Rusiya ilə münasibətlər Azərbaycanın geosiyasətində ən önəmli ciddi və həyatı əhəmiyyətli həlqəni təşkil edir. Hazırkı durumda Azərbaycan Rusiya münasibətlərinin pozitiv inkişafı mən deyərdim ki, daha çox Azərbaycanın marağındadır. Bu gün dünya güclərinin Güney Qafqazdakı mövcud nisbətində işğal olunmuş ərazilərimizin- Qarabağın hər hansı yolla azad olunması məsələsi Rusiyanın münasibətindən çox asılıdır. Eyni zamanda, üstündə dayanması vacib olan bir məsələ də Azərbaycanın Rusiya ilə bağlı sırf iqtisadi maraqlarıdır. Azərbaycanın Rusiyaya qaz satması da məhz bu qəbildəndir. Azərbaycan Rusiya arasında qeyd etdiyimiz ilişkilər, tədbirlər göstərilən fonda baş verir və normaldır. - Şimalı Qafqazda proseslərə nəzarət edə bilməyən, rəsmi Kremli Şimalı Qafqaz Federal Dairəsini yaratdı. Sizcə, bu siyasi-inzibati dəyişikliyin yaradılması, orada cərəyan edən proseslərin qarşısını ala biləcəkmi? - Quzey Qafqaz Rusiyanın tarixi-siyasi və belə görünür ki, sonunadək izləyəcək bir problemdir. İlk növbədə qeyd edək ki, Rusiya SSRİ dağıldıqdan sonra da kiçilmiş bir imperiyanın metropoliyası, bolşeviklərin təbirincə desək, xalqlar həbsxanasıdır. Bu həbsxananı nəzarətdə saxlamaq üçün həbsxanadakı xalqlara ən yüksək yaşayış səviyyəsi təmin edilməlidir. Lakin Rusiyanın buna iqtisadi qüdrəti çatmır və bu barədə gələcəyə də heç bir optimist proqnoz yoxdur. Deməli, Rusiya etdiyi siyasi manevrlərdən asılı olmayaraq Qafqaz problemindən, həmçinin İmperiya daxili oxşar problemlərdən qurtula bilməyəcəkdir. Problemin həllinin yeganə yolu Rusiyanın tarixi yorğanına ayaq uzatması, şimali və orta Rusiyanın bir hissəsini əhatə edən iqtisadi cəhətdən nisbətən inkişaf etmiş 3-4 vilayətlə kifayətlənməsidir. - Son vaxtlar Türkiyə Cənubi Qafqazda fəallığı ilə seçilir. Bəzi analitiklərə görə bu əlaqələrin inkişafı bölgədə barışa, sülhün möhkəmlənməsinə təsir edə bilər. Rusiya-Türkiyə münasibətlərinin bu formada güclənməsi, Azərbaycana nə kimi müsbət mənada təsiri ola bilər? - Rusiya-Türkiyə munasibətlərinə gəlincə bu münasibətlərin iqtisadi-siyasi parametrlərini nəzərdən keçirmək lazımdır. İqtisadi cəhətdən qarşılıqlı münasibətlərdə, geniş mənada, udan tərəf, bir qayda olaraq, iri kapitala, yüksək texnologiyaya, elmi-nəzəri potensiala sahib olan tərəfdir. Türkiyənin Rusiya ilə qarşılıqlı münasibətdə belə bir duruma sahib olması görünmür. Siyasi aspektdə Türkiyənin Rusiya ilə qarşılıqlı münasibətlərdə müəyyən manevr imkanları və bundan yararlanmaq şansı ehtimal edilə bilər. Əgər Türkiyə Rusiyanın iqtisadi və siyasi maraqlarını geopolitik düzəndə təmin edə bilərsə, bu halda həmin qarşılıqlı münasibətlərin Azərbayacana da müsbət təsiri ola bilər. Qafqazda barış və sülh dedikdə ilk növbədə Qarabağ, Cənubi Osetiya və Abxaziya problemlərinin həlli nəzərdə tutulur. Problemlər Rusiyanın istəyi və iştirakı ilə yaranmış problemlərdir və Rusiyanın hazırki strateji maraqlarına xidmət edir. Türkiyə Rusiyanın bu maraqlarını kompensə edə biləcək hər hansı bir təkliflə çıxış edə biləcəyi təqdirdə Qafqazda barış və sülhlə bağlı real rol oynaya bilər. Hazırda Türkiyənin belə bir təkliflərlə çıxış etmək imkanı olduğunu təsdiq edə bilmərəm. - Ukraynada “Narınçı” İnqilab yolu ilə siyasi hakimiyyətə gələn demokratlar prezident seçkilərində 6% -dən yuxarı səs toplaya bilmədilər. Əgər, rusiyameylli siyasi imic qazanmış Viktor Yanukoviç prezident seçiləcəyi təqdirdə, Sizin fikrinizcə, yeni gələn hakimiyyətdən əvvəl ki komandanın yürütdüyü xarici siyasətdə korrektələrin edilməsi gözlənilirmi? - Ukraynada prezident seçkiləri ilə yaranmış durum regionda gedən mürəkkəb geosiyasi proseslərin təzahürüdür. Bu durum Ukraynanın daxili iqtisadi vəziyyəti, eləcə də, regionda marağı olan geopolitik güclərin düzəni ilə xarakterizə olunur. Kimin prezident seçiləcəyindən asılı olmayaraq iqtisadi böhran nəticəsində daha da zəifləmiş Rusiyanın Ukraynaya tam nəzarət etmək imkanları ciddi gorünmür. Ukrayna kimi iri bir dövləti boyunduruğa götürüb çəkmək Rusiyanın gücü xaricindədir. Yeni seçiləcək prezidentin Rusiyameyilli olaraq Ukraynanın iqtisadi və siyasi böhrandan çıxara bilməsi imkanı mövcud duruma adekvat deyil. Buna görə hesab edirəm ki, Ukraynada uzun müddət iqtisadi və siyasi sabitliyə nail olunmayacaqdır. Bu da, öz növbəsində, yaxın gələcəkdə Ukraynada yeni rəngli inqilabların baş verəcəyini istisna etmir. - Hazırda, İran İslam Respublikasında gedən siyasi prosesləri izləyirsinizmi? Dünyanın tanınmış analitiklərinin qeyd etdiyi kimi, hakimiyyət uğrunda liberal-mühafizəkarların savaşı gedir, yoxsa, bu, İran dövlətinin daxili siyasi oyunudur? - İran İslam Respublikasında baş verənlər orada müxtəlif siyasi qruplar arasında qüvvvələr nisbətində, ümumilikdə, İran cəmiyyətində dəyişikliklərin baş verdiyini göstərir. Konfliktdə olan qüvvələrin heç biri Güney Azərbaycan türklərinin maraqlarını əks etdirmir. Hazırda İranda siyasi elitanın hakimiyyət davası baş verməkdədir. Buna görə oranın əhalisinin böyük bir hissəsini təşkil edən Azərbaycan türkləri həmin savaşın içinə girməməli, nəticələrə öz maraqları yönündə təsir edə biləcək tədbirləri görməli, savaş sonunun doğurduğu nəticələrə hazır olmalıdırlar. - Güney Azərbaycan türklərinin marağında olan hazırki İran rejiminin digər bir antitürkçü, murtəce fars rejimi ilə əvəz olunması deyil, mövcud rejimin bu savaşdan daha da zəif çıxaraq gələcək mübarizəmizdə bizə daha az əngəl olmasıdır. Söhbətləşdi: Elnur Eltürk

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN