Xaqani Qayıblı:Türklər İranda elə bir mövqedədirlər ki, bu mövqe ilə hesablaşmamaq mümkün deyil (MÜSAHİBƏ)

Xaqani Qayıblı:Türklər İranda elə bir mövqedədirlər ki, bu mövqe ilə hesablaşmamaq mümkün deyil (MÜSAHİBƏ)
Dünya Azərbaycanlıları Konqresi Həmsədrinin müavini, İdarə Heyətinin üzvü və Tartu Universitetinin Türk Dili Mərkəzi müdiri, yazar Xaqani Qayıblının GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik. - Xaqani müəllim xöş gördük Sizi! İlk öncə oxucularımıza son vaxtlar Güney Azərbaycanda cərəyan edən hadisələrlə bağlı fikirlərinizi bildirmənizi istərdik. - Hər vaxtınız xeyir olsun Elnur bey! Azərbaycanımızın güneyində cərayan edən olayları bəzi "analitiklər” XXI əsrin qloballaşma sürəcinin bir parçası kimi dəyərləndirilər. Mənə görə, bu cür yanaşma kökündən yanlışdır və eyni zamanda, Güney Azərbaycanın yüz illik azadlıq mücadiləsini görməməzlik və milli mübarizlərimizə hörmətsizlik deməkdir. Kiçik bir müsahibədə bir neçə onilliyi qapsayan bir zaman dilimində baş verən önəmli olayları incəliklərinə qədər dilə gətrimək mümkün olmasa da, indiki cərayanın Səttarxan, Bağırxan, Xiyabani, heç şübhəsiz ki, Pişəvəri və hətta bəzilərinin qəbul etmədiyi Şəriətmədari hərəkatlarına dayandığını və bu hərəkatlardan qidalandığını mütləq vurğulamalıyıq. Son hadisələrin dinamikliyini isə şəhidlərimizin ruhuna, içəridəki fəallarımızın cəsarətinə, dönməzliyinə və quşqusuz olaraq, Günaz Tv-nin varlığına borcluyuq. Çox yaxın gələcəkdə Güney Azərbaycan hərəkatının daha da böyüyəcəyinə, düzənli bir şəkil alacağına və nəhayət, özünün son doruq nöqtəsinə çatacağına, yəni Azadlığı əldə edəcəyinə inamım böyükdür. İnamımıza və düşüncələrimizə dodaq büzənlərin və bunları bir xəyal ürünü kimi qəbul edənlərin tapılacağına şübhə etmirəm, amma o bəsirətsizlərə çox da uzaq olmayan keçmişimizdə, səksəninci illərin başlarında Azərbaycanımızın quzeyində "Bu imperiya mütləq dağılacaq” ifadəsini işlədərkən bizləri "xəyalpərəst” adlandıranların sonrakı mövqelərini xatırlatmaq kifayətdir. - Bir neçə gün bundan öncə İran İslam Respublikasının prezidenti Güney Azərbaycanın mərkəz şəhəri olan Təbrizdə idi. O, çıxışında Azərbaycanlıları İranın əsas sütünü adlandırdı və demək olar ki, çıxışı başdan-başa Azərbaycan türklərini təriflə başlayırdı. Sizcə, bu cür sözlərin arxasında İran rejimi Azərbaycan faktorunun önəmliliyinimi qəbul edir, yoxsa burada başqa amillər var... - Təbii ki, Azərbaycan türkləri İranda həlledici və əsas qüvvədir. Bu gerçəyi əhmədinejadlar dilə gətirsə də belədir, dilə gətirməsə də. Bəzi kiçik aralıqları çıxmaq şərtilə, İran adlanan məmləkətin son beş yüz ildə Azərbaycan Türkləri tərəfindən idarə edilməsi gerçəkliyi hər kəsə məlumdur. Türklər İranda elə bir mövqedədirlər ki, bu mövqe ilə hesablaşmamaq mümkün deyil. Təbii ki, azərbaycanlılara təriflər yağdırılacaq və bu cür təriflərin Təbrizdə, Ərdəbildə yaxud da güneyimizin başqa əyalətlərində eşidilməsi bizi sevindirməkdən ziyadə düşündürməlidir. İran İslam Respublikasının prezidentinin Azərbaycana, özəlliklə Təbrizə səfəri bir tərəfdən fars rejiminin Azərbaycan faktorilə barışdığının və azərbaycanlılara doğru atılan ılımlı və olumlu bir addımın göstəricisi olsa da, digər tərəfdən heç şübhəsiz ki, rejimin gələcəkdə fəsadlar törədə biləcək siyasətini ehtiva edən öz gizlin maraqları var. Yanılmıramsa Əhmədinejadın Təbrizə səfəri zamanı Təbrizi şiə müsəlmanlarının mənəvi paytaxtı elan edəcəyi haqqında bir bildiri yayınlanmışdı. Baxın, bu çox qərəzli və təhlükəli bir addımdır. Bu addımın arxasında gələcəyə hesablanmış gizli və hiyləgər bir ideologiya dayanır. Dolayısıyla, bu addımla fars rejimi Təbrizi Ümumtürk Dünyasından tamamilə ayırmaq məqsədi güdür. Tarix dolaylarında bu və buna bənzər molla fitvaları ilə rastlaşmışıq və nə yazıq ki, çox böyük zərər görmüşük. Amma inanıram ki, Təbriz əhli və bütövlükdə güneyli soydaşlarımız bu kimi cəfəng çağırışlara uymayacaqlar. Çünkü artıq maskalar yırtılmış və kimin kim olduğu apaydın ortadadır. - Hazırda, Estoniyada nə qədər soydaşımız yaşayır və soydaşlarımızın icmalaşması hansı səviyyədədir? - Estoniyada təxminən iki minə yaxın soydaşımız yaşayır. Bildiyiniz kimi, keçmiş sovetlər məkanında azərbaycanlılar arasında ilk icmalaşma işartıları məhz Estoniyada görünməyə başladı. 1988-ci ildə yaranan "Ocaq” və 1990-cı ildə yaranan Estoniya Azərbaycan Dostluq Cəmiyyəti nəinki Azərbaycan diasporasının şəkillənməsində önəmli rol oynadı, hətta çəkinmədən deyə bilərik ki, Estoniyanın bağımsızlıq hərəkatında da gözə çarpan fəaliyyət sərgilədi. Bu gün Estoniyadakı Azərbaycan diasporasının fəaliyyətini qənaətbəxş hesab etmək olar. Amma bu o demək deyil ki, əlimizi əlimizin üstünə qoyub oturmalıyıq. Diaspora fəaliyyəti işgüzarlıq və ardıcıllıq tələb edir. - Estoniyada Azərbaycanla bağlı təəssüratlar necədir? - Məlum məsələdir ki, hər hansı bir ölkədə və yaxud cəmiyyətdə istənilən xalq haqqında təəssürat, öncəliklə, o ölkədə yaşayan fərdlərin şəxsində formalaşır. İllərdir yaşadığım Estoniyada istər işlədiyim qədim Tartu Universitetində, istərsə də toplumda təmasda olduğum hər hansı bir estondan xalqımız haqqında arzuolunmaz bir ifadə eşitməmişəm. Çox yayqın bir həqiqət var ki, fərdlər üzərindən formalaşan təəssüratlar, sonralar dövlətlər arasındakı münasibətlərdə mühüm yer tutur. Bu bağlamda, ümid edirəm ki, Estoniya ilə Azərbaycan arasındakı münasibətlər getdikcə daha da möhkəmlənəcək və gözəl şəkildə inkişaf edəcək. - Bu günlərdə, Azərbaycan və Ermənistan prezidentlərinin Almaniyanın Münhen şəhərində görüşü oldu. Dağlıq Qarabağ məsələsinin həllini necə görürsünüz? - Dövlət başçılarının görüşlərinin içəriyini xırdalıqlarına qədər bilmədiyimiz üçün bu görüşlər haqqında fikir yürütmək doğru olmaz. Ancaq bir məsələ aydındır ki, hər bir görüş hansısa bir ehtiyacdan doğur. Əminəm ki, ehtiyac olmadığı təqdirdə bu görüşlər dayandırılacaq və bundan sonra başqa bir ehtiyacın tələbinə uyğun olaraq, gərəkən addımlar atılacaq. Şübhəsiz 16 illik bunca uzun bir zaman çərçivəsində məsələnin həll edilməməsi bizim xeyrimizə deyil. Amma nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsi biz istəsək də istəməsək də, artıq yalnız Azərbaycan və Ermənistan məsələsi olmaqdan çoxdan çıxıb, o zaman problemin həlli məsələsinin çətinliyini anlamaq mümkündür. Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ məsələsi təkcə bu günün məsələsi deyil. Bu məsələnin bir keçmişə dayanan, bir də gələcəyə uzanan boyutları var. Bir də bütün bunların üstünə bölgəsəl və evrənsəl dəngə politikasını gəlsək, məsələnin doğrudan-doğruya qəlizliyi tam mahiyyəti ilə ortaya çıxır. Bütün bunlar bizim üçün nə qədər cansıxıcı səslənsə də, bir geçəklikdir və bu geçəkliklə hesablaşmamaq mümkün deyil. Bunlar məsələnin obyektiv tərəfi. Qaldı ki məsələnin subyektiv tərəfinə gəlincə, Dağlıq Qarabağ məsələsinin həllində mənim iki subyektiv mövqeyim var: 1) oğul kimi; 2) ata kimi. Sıradan bir soydaş olaraq, atamın oğlu kimi günü sabahdan müharibə yolu ilə torpaqlarımızı azad etməyi özümə şərəf bilirəm; amma yazar Xaqani Qayıblı və bir ata olaraq bu məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarıyam. - Estoniyada Erməni diasporunun fəaliyyəti hiss olunurmu və xüsusi ilə hansı şəhərlərdə təşkilatlanıblar? - Xeyir, hiss olunmur. Estoniyada bütün diaspora təşkilatları başlıca olaraq, iki şəhərdə - Tallin və Tartuda fəaliyyət göstərir. - Xaqanı müəllim, bildiyimiz qədər Siz əslən Gürcüstanlısınız, yəni Borçalı türklərindənsiniz. Bu gün Saakaşvili administrasiyasının soydaşlarımızla bağlı yürütdüyü siyasət sizi qane edirmi? - Tamamilə qane etmir desəm, bu, yalan olar. Bütün idarəetmələrdə müəyyən çatışmazlıqlar mövcud olduğu kimi, bəzi əskikliklər Saakaşvili yönətimində də var. Məsələn, torpaq islahatı kimi uzun zamana ehtiyacı olan bir sürəcin çox qısa bir müddətdə alaçiy və qərəzli şəkildə həyata keçirilməsi yolverilməz və qüsurlu siyasətdir. Bu yanlış siyasətin nəticəsində də Gürcüstanda yaşayan soydaşlarımız öz dədə-baba əkin-biçin və otlaq sahələrindən məhrum olublar. Bu mövzuda müxtəlif şəxslər və qurumlarla danışıqlar olsa da təəssüflər olsun ki, hələlik bir nəticə əldə edilməyib. Fikrimcə, Gürcüstan və Azərbaycan arasındakı sıx tərəfdaşlıq və yaxın qonşuluq münasibətləri, eyni zamanda, dövlət başçılarının dostluğu sayəsində bu problemi aradan qaldırmaq mümkündür. Amma, Saakaşvili iqtidarının məni qane edən bir çox tərəfləri də var ki, onların başında Gürcüstanı günbəgün korrupsiyadan tamamilə təmizləmə siyasəti gəlir. Bu, sizə sıradan bir olay olaraq görünməsin. Qafqaz kimi bir regionda rüşvətxorluq adlı bir bəladan xilas olmaq üçün çox uzun zamana və ölçülü-biçili siyasətə ehtiyac var. Saakaşvili bu qısa zamanda ölkəsini bu bəladan xilas edə bilirsə, demək ki, problemin həllində ikinci varianta üstünlük verir. Bu isə başqa bir söhbətin mövzusudur. - Xaqanı müəllim, sonda Sizə sullarımızı cavablandırdığınıza görə öz təşəkkürümü bildirir və gələcək işlərinizdə uğurlar arzu edirəm. - Mən də Sizə millət adına tutduğunuz bu yolda fədakarlıq arzulayıram. Söhbətləşdi: Elnur Eltürk

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN