Abbas Əraqçi: “Nüvə öhdəliklərinə tam əməl etməyimiz 4 ay ərzində 15 milyard dollar almağımızdan asılıdır”

Abbas Əraqçi: “Nüvə öhdəliklərinə tam əməl etməyimiz 4 ay ərzində 15 milyard dollar almağımızdan asılıdır”

GünAz TV: İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, ölkəsi 4 ay içərisində 15 milyard dollar əldə etməsə, nüvə razılaşmasına tam əməl etməyəcək.

 

Ötən günlərdə diplomatik heyətlə Parisə səfər edən Əraqçi Fransa tərəfi ilə “İranın neft satışı və bundan qazandığı pulları əldə etmə üsulları ilə bağlı tələbləri” mövzusunda müzakirə apardığını deyib.

 

“Nüvə razılaşmasına tam əməl etmək 4 ay ərzində 25 milyard dollar kredit almağımızdan asılıdır. Bu baş verməzsə, nüvə öhdəliklərimizi azaltmağa davam edəcəyik”- deyə Əraqçi əlavə edib.

 

Diplomat Sentyabrın 2-də Parisə nümayəndə heyəti ilə etdiyi səfərdə Fransa tərəfi ilə 10 saata yaxın davam edən görüş keçirmişdi.

 

Görüşdən sonra “Reuters” agentliyi Fransanın İrana cari ilin sonuna qədər 15 milyard dollarlıq kredit xətti açacağı barədə məlumat yaymışdı.

 

Əraqçinin sözləri agentliyin xəbərinin doğru olduğunu təsdiq etsə də, hələlik Fransa rəsmiləri məbləğ barədə açıqlama verməyiblər.

 

Fransanın xarici işlər naziri Jan-İv Le Drian məsələ ilə əlaqəli bildirib ki, İrandan neft alışı üçün kredit xəttinin işə salınmasının qarşılığında körfəzdə təhlükəsizlik bərqərar olmalı, regionda təhlükəsizlik və 2025-ci ildən sonra nüvə razılaşmasının vəziyyəti ilə bağlı müzakirələr başlamalıdır. O, sonda qeyd etmişdi ki, bu təklifin reallaşması Amerika prezidenti Donald Tramp rəsmi Tehrana qarşı qəbul edilmiş sanksiyalarda İranın neft müştərilərinə tanıdığı möhlət hüququnu uzatmasından asılıdır.

 

Tramp dünən məsələyə bildirdiyi münasibətdə Fransanın İrana kredit verməklə bağlı təşəbbüsünə müsbət yanaşmayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN