Amnesty İnternational: “Bəzi iraqlı etirazçılar İran istehsalı olan gözyaşardıcı qazlardan ölüb”

Amnesty İnternational: “Bəzi iraqlı etirazçılar İran istehsalı olan gözyaşardıcı qazlardan ölüb”

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı- Amnesty İnternational İraqda etirazçıların ölüm səbəbi ilə bağlı apardığı araşdırmaların nəticələrini dərc edib.

 

Qurum bildirir ki, bəzi etirazçıların ölümünə səbəb İran istehsalı olan göz yaşardıcı qaz və tüstü bombalarıdır.

 

Məlumatda etirazların yatırılması zamanı iki növ 40 millimetrlik göz yaşardıcı qazdan istifadə edildiyi qeyd edilir. Onlardan biri İraq təhlükəsizlik qüvvələrinin istifadəsində olduğu barədə Amnesty İnternationalın da məlumatı olduğu Serbiya istehsalı gözyaşardıcı qazdır. Digəri barədə isə təşkilatın daha öncələr məlumatı olmayıb.

 

Aparılmış araşdırmalar nəticəsində etirazçıların ölümünə səbəb İranın Müdafiə Sənayesi Təşkilatının istehsal etdiyi M-651 tipli göz yaşardıcı qaz və M-713 tipli tüstü bombası olduğu müəyyənləşib.

 

Məlumatda təşkilatın 4 nəfərin ölümü ilə bağlı əldə etdiyi video və fotolar üzərində apardığı araşdırmalarının nəticələrinin də etirazçıların İran istehsalı olan vasitələrlə öldürüldüyünü göstərdiyi vurğulanır.

 

Amnesty İnternational müxtəlif yerli mənbələr, xəstəxanalar, etirazçılar, ölənlərin yaxınları və yaralılarla apardığı müsahibələr nəticəsində bu qərara gəlib ki, sözügedən İran istehsalı olan vasitələr ölçü baxımından standart göz yaşardıcı qaz və tüstü bombalarından dəfələrlə böyükdür. Buna görə də, həmin vasitələr insana dəydikdə, həm ağır xəsarətlərə, həm də ölümə yol aça bilir.

 

Sonda qeyd edilir ki, təşkilatın əlində bu bombaların hansı qüvvələr tərəfindən istifadə edilməsi barədə sübutlar yoxdur. Buna baxmayaraq, qurum İraq hökumətini təcili olaraq insan tələfatına səbəb olan bu cür vasitələri təhlükəsizlik qüvvələrinin istifadəsindən çıxartmağa çağırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN