Avropa ölkələri İrana qarşı “tətik mexanizmi”ni işə salır

Avropa ölkələri İrana qarşı “tətik mexanizmi”ni işə salır

GünAz TV: Nüvə razılaşmasını imzalayan 3 Avropa ölkəsi- Almaniya, Fransa və Britaniya İrana qarşı “tətik mexanizmi”ni işə salacaqlarını bəyan ediblər.

 

2015-ci ildə imzalanmış nüvə razılaşmasının 37-ci maddəsinə əsasən, “tətik mexanizmi” də adlandırılan ixtilafların həll edilməsi mexanizmi tərəflər arasında yaranmış fikir ayrılıqlarını araşdırır. Əgər meydana gəlmiş ixtilaflar həll edilməzsə, bu, sonda razılaşmadan öncə İrana qarşı qəbul edilmiş beynəlxalq sanksiyaların yenidən qüvvəyə minməsi ilə nəticələnəcək.

 

Həmin maddədə həmçinin qeyd edilir ki, Almaniya, Fransa və Britaniya İranın razılaşmanın müddəalarını pozması qənaətinə gəldikləri təqdirdə, fikir ayrılıqlarının həll edilməsi prosesinə başlayırlar. Beləliklə, bu məsələ baxılması üçün 65 gündən gec olmayaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edilir. Bundan sonra TŞ İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinə göstəriş verə bilər.

 

“Reuters” agentliyinin məlumatına əsasən, hər 3 ölkə bu gün Avropa İttifaqına İranın nüvə razılaşmasını yenidən pozmasına görə sözügedən mexanizmə üz tutacaqları barədə məlumat verəcək. Agentliyə açıqlama verən 2 avropalı diplomat bildirib ki, 3 ölkənin bu addımı atmasına səbəb İranın yenidən razılaşmaya qayıtması üçün zəruri olan addımların araşdırılması vasitəsilə nüvə razılaşmasının ləğv olmasının qarşısını almaqdır.

 

Xatırladaq ki, rəsmi Tehran yanvarın 5-də nüvə razılaşmasında üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində sonuncu, yəni 5-ci addımı atdığını bəyan etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN