Beynəlxalq Cudo Federasiyası: “İran rəsmiləri və səfirlikləri idmançılara təzyiq göstərirlər”

Beynəlxalq Cudo Federasiyası: “İran rəsmiləri və səfirlikləri idmançılara təzyiq göstərirlər”

GünAz TV: Beynəlxalq Cudo Federasiyası İran rəsmilərinin və səfirliklərinin idmançılara öz israilli rəqibləri ilə yarışdan çəkinmək üçün təzyiq göstərdikləri barədə məlumat yayıb.

 

Federasiyanın iranlı cüdo üzrə dünya çempiyonu Səid Mövlayinin müraciəti əsasında apardığı araşdırmalar göstərib ki, İran rəsmiləri və səfirlikləri bütün idman növlərində çıxış edən idmançılara israilli rəqibləri ilə görüşə çıxmamaları üçün təzyiqlər göstərirlər. Bu təzyiqlər nəticəsində idmançılar növbəti mərhələyə vəsiqə qazanmış israilli rəqibləri ilə görüşə bilməmək üçün qəsdən uduzmalı olublar.

 

İran rəsmilərinin bu addımı səbəbindən 3 dəfə öz israilli rəqibi ilə çıxış etməkdən imtina edən Səid Mövlayi Yaponiyada keçirilmiş dünya çempionatından sonra ölkəsinə geri qayıtmaqdan imtina edib. O, çempionatdan sonra Almaniyaya gedib və sığınacaq üçün Beynəlxalq Cüdo Federasiyasına müraciət edib. Mövlayi bu cür neqativ hallar səbəbindən daha ölkəsinə qayıtmaq istəmədiyini bildirib.

 

Federasiyanın araşdırmaları göstərir ki, Yaponiyada keçirilən çempionatda Səid Mövlayinin rusiyalı idmançı ilə görüşünün başlamasından bir neçə dəqiqə öncə İranın idman nazirinin müavini Məhəmmədrza Davərzəni baş məşqçi ilə əlaqə saxlayıb, Səid Mövlayini ailəsi ilə təhdid edib və onun mübarizəni dayandırmalı olduğunu deyib. Bundan sonra Mövlayi Federasiyanın Yaponiyada keçirilən çempionat üzrə nümayəndəsinə kömək üçün müraciət edib.

 

Sonra Federasiyanın köməkliyi ilə Mövlayi yenidən öz çıxışına davam edib. Amma İrandan yenə də zəng edib, onu ailəsi ilə təhdid ediblər. Bununla kifayətlənməyib, İranın Tokiodakı səfirliyindən çempionatın keçirildiyi yerə heyət göndəriblər. Səfirliyin işçilərindən biri saxta məşqçi vəsiqəsi ilə idmançıların isinmə hərəkətlərini etdikləri yerə gəlib və idmançını hədələyib. Yarım finaldan öncə İran Olimpiya Komitəsinin sədri Salehi Əmiri İran komandasının məşqçisi Məcid Zareiyan ilə video əlaqə saxlayıb.

 

Salehi Əmiri telefon danışığı zamanı təhlükəsizlik qüvvələrinin Mövlayinin ata və anasının yaşadığı evə getdiklərini deyib. Əmiri Mövlayiyə xitabən bildirib ki, “ölkə qanunlarına riayət etməsən”, böyük problemlərlə üzləşəcəksən.

 

Federasiya sonda Səid Mövlayiyə kömək edəcəyini, lakin onun ata və anasının İranda təhlükədə olduğunu bildirib.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Səid Mövlayinin Beynəlxalq Cüdo Federasiyasına ona sığınacaq almağa kömək etməsi üçün müraciət etmişdi. O, buna səbəb kimi qəsdən uduzmaq üçün İran rəsmiləri tərəfindən təhdid edildiyini göstərmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN