Bolton: “Ayətullahların hakimiyyətində olan İran rejimi beynəlxalq terrorizmin mərkəzi bankına çevrilib”

Bolton: “Ayətullahların hakimiyyətində olan İran rejimi beynəlxalq terrorizmin mərkəzi bankına çevrilib”

GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton fevralın 11-də İran islam inqilabının 40-cı ildönümü münasibətilə Ağ Ev tərəfindən yayılan bir açıqlamasında İranın dini lideri axund Əli Xamneyini boşboğazlıqda və terrorizmə dəstəkdə günahlandırıb.

 

Boltonun açıqlaması, Xamneyinin ona və digər Amerika rəhbərlərinə qarşı səsləndirdiyi sərt bəyanatından üç gun sonraya təsadüf edib.

 

Öz açıqlamasında İranın dini liderinə səslənən Bolton, Xamneyinin hakimiyyəti dövründə İran millətinə və dünyaya dəhşət yaratmaqda günahlandırıb: “Sən, Amerika prezidentinin həyatına qarşı bütün təhdid və boşboğazlıqlarına görə, öz xalqına qarşı törətdiyin terrora və dünyaya qarşı yaratdığın dəhşət və vahiməyə görə məsuliyyət daşımalısan. Sən, ümumiyyətlə bütün bunlara cavabdeh olmalısan. Güman edirəm ki, sənin qeyd etməyə o qədər də ildönümlərin qalmayıb.

 

Bu həftə İran rejimi islam inqilabının 40-cı ildönümünü qeyd edir. Bu rejim, həmin müddətdə İran millətinə istibdadı hakim edərək, dünya əhalisinə qarşı terror törədib, onları vahiməyə salıb. Həmin müddətdə ayətullahların hakimiyyətində olan İran rejimi beynəlxalq terrorizmin mərkəzi bankına çevrilib, bütün Orta Şərqdə, o cümlədən də Yəmən, İraq və Suriyada öz hərbi qüvvələrini genişləndirməyə çalışıb. İran rejimi həmçinin həmin müddətdə dünyanın sülhsevər insanlarını təhdid etmək məqsədilə nüvə silahına yiyələnməsi üçün fəaliyyətini davam etdirib, ballistik raketlərini inkişaf etdirməyə çalışıb.

 

İran rejiminin yürütdüyü həmin siyasətinin nəticəsində, bu gün yaranmış ağır durumdan ən çox əziyyət çəkən İran millətidir. Belə ki, hazırda İranda işsizlik səviyyəsi son həddə çatıb, İranın milli valyutası “rial” öz dəyərini kəskin itirib, inflyasiya səviyyəsi isə yüksək dərəcədə qalxıb”.

 

Xatırladaq ki, Xamneyi fevralın 8-də hava qüvvələri komandirləri qarşısında çıxış edərək, ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Konqresdəki illik çıxışında İranla bağlı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.

 

 

Öz çıxışında Amerika hökumətini şərdə, zorakılıqda, böhran yaratmaqda və militarizmə rəvac verməkdə günahlandıran Xamneyi deyib ki, islam respublikası “Amerikaya ölüm” şüarını səsləndirməyə davam edəcək: “Nə qədər ki, Amerika rejimi müdaxilə, şər və rəzalət istiqamətində hərəkət edir, “Amerikaya ölüm” şüarı güclü İran xalqının dilindən düşməyəcək. “Amerikaya ölüm” şüarı, Amerika hökmranlarına ölüm deməkdir. Daha doğrusu bu şüar, Trampa, Boltona və Pompeoya ölüm deməkdir. Bizim Amerika milləti ilə işimiz yoxdur”.

 

 

 Tramp fevralın 5-də ABŞ Konqresində etdiyi illik çıxışında İranın beynəlxalq terrorizmə dəstəyindən və nüvə silahı əldə etmək cəhdindən danışıb. O, İran rejimini “radikal”, “korrupsioner diktatura” və “beynəlxalq terrorizmin ən böyük himayədarı” adlandırıb: “Mənim hökumətimin İran rejiminə qarşı mövqeyi kəskindir. Biz, terrorizmin əsas himayədarı kimi tanınan İran rejiminin nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik. Bizim İranla imzalanmış faciəli nüvə sazişindən çıxmağımızın səbəbi də məhz bununla bağlıdır. Biz, “Amerikaya ölüm” şüarı səsləndirən və yəhudiləri soyqırımla hədələyən İranın ekstremist və radikal hakimiyyətindən əl çəkməyəcək, onun bu əməllərinə göz yummayacağıq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN